Hidravlika sahəsində görkəmli sovet alimi İosif Qavriloviç Yesman 1 dekabr 1868-ci ildə Minsk şəhərində anadan olmuşdur.
Hələ tələbəlik illərində gimnaziyada oxuyarkən İosif Qavriloviç hadisələri təhlil və ümumiləşdirməyə qadir iti zəkaya və böyük istedada malik olduğunu nümayiş etdirmişdir. 1887-ci ildə o, müsabiqə imtahanlarını qabaqcıllar sırasında verərək Sankt-Peterburq Texnoloji İnstitutuna daxil olmuş və 1892-ci ildə tam nəzəri hazırlıqlı və təcrübəli mühəndis kimi həyata qədəm qoymuşdur. 1902-ci ilə qədər İ.Yesman dəmiryol nəqliyyatında və su təchizatı sahəsində məsul mühəndis vəzifələrində çalışmışdır. Bu vaxt ərzində o, yeni salınan dəmir yollarının su təchizatı üçün 100-ə qədər layihə işləmiş, onun şəxsi rəhbərliyi altında bunlardan 60-ı tikilmişdir. 1902-ci ildən o, Peterburq Politexnik İnstitutunda elmi və pedaqoji fəaliyyətə başlamış və tezliklə hidravlika və hidravlik maşınları öyrənmək üçün xaricə ezam olunmuşdur. 1905-1912-ci illərdə İ.Yesman Politexnik İnstitutunun daxilində hidravlik laboratoriya təşkil etmiş, burada kanal və boruların yerli müqavimətlərini araşdırmaqla məşğul olmuşdur. 1910-cu ildə İ.Yesman professor Qrum-Qrjimaylo ilə birlikdə metallurji sobalarda qazların hərəkətinin riyazi əsaslandırılmış hidravlik nəzəriyyəsini yaratmışdılar. 1913-cü ildə İ.Yesman Peterburq institutlarının – Politexnik, Elektrotexniki, Mülki Mühəndislər institutlarının ordinar professoru, həmçinin bir sıra nazirlik və idarələrin – Sənaye və Ticarət Nazirliyi, Dəmir yolu Nazirliyi, Topçular Baş idarəsinin məsləhətçisi olmuşdur. Bu illər ərzində bir sıra müxtəlif jurnallarda çoxlu sayda elmi məqalələr çap etdirməklə yanaşı o, su mühərriklərinin və mərkəzdənqaçma nasoslarının hidravlikası kurslarını yazmışdır. Bu əsərlər bir neçə dəfə nəşr olunaraq SSRİ-nin əksər ali məktəblərində dərs vəsaiti kimi istifadə olunmuşdur. 1911-ci ildən İ.Yesman Texnoloqların Elmi-texniki Cəmiyyətinin və Redaksiya Komitəsinin Sədri və “Maarif” nəşriyyatı tərəfindən nəşr olunan Hidravlika-texniki Ensiklopediyanın şöbə redaktoru vəzifəsində çalışmışdır. 1915-ci ildə dünya müharibəsi ilə əlaqədar İ.Yesman pedaqoji fəaliyyətini dayandıraraq Petroqrad vilayəti Ordusunun Təchizatı Komitəsində ölkənin müdafiəsinə işləyən zavodların təftişi şöbəsinə rəhbərlik etmişdir. Sonrakı illər İ.Yesman Baş Artilleriya İdarəsinin nəzdində dövlət alüminium zavodlarının tikilməsində hidrotexniki tədqiqatlara rəhbərlik etmiş, həmçinin Rusiya Elmlər Akademiyasının Su enerjisi və Küləyin gücündən istifadə üzrə təbii istehsal güclərinin öyrənilməsi Komissiyasına rəhbər təyin olunmuşdur. O, 1919-1920-ci illərdə Vladiqafqaz Politexnik İnstitunun rektoru olmuşdur.
1922-ci ildə İ.Yesman Bakıya, Azərbaycan Politexnik İnstitutuna professor kimi dəvət edilmiş və 1928-ci ildə institutunun rektoru vəzifəsinə seçilmişdir. 1923-cü ildən 1926-cı ilə qədər əvvəl Rusiya, sonra isə Azərbaycan Texniki Cəmiyyətinin Bakı şöbəsinin sədri vəzifəsində çalışmış, 1926-cı ildən 1929-cu ilədək Dövlət Şurasının və Azərbaycan SSR Maarif Nazirliyinin kollegiyasının üzvü olmuşdur. 1924-1953-cü illərdə İ.Yesman Azneftdə məsləhətçi işləyərkən, respublikanın neft sənayesi ilə bağlı mürəkkəb məsələlərin həllində fəal iştirak etmişdir. 1929-1932-ci illərdə o, Azərbaycan Energetika Komitəsinin Rəyasət Heyətinin Sədri olmuş, Azərbaycanın enerji mənbələrinin istifadəsi layihələrinin hazırlanmasına rəhbərlik etmişdir. 1929-cu ildə İ.Yesman Zaqafqaziya Sanitar Texnikası Elmi Tədqiqat İnstitutunun yaranmasının təşəbbüskarlarından biri və məsləhətçisi, 1935-ci ildə isə həmin institutun elmi tədqiqat işləri üzrə direktor müavini olmuşdur. 1930-cu ildən o, Zaqafqaziya Hidrotexnika və Energetika Elmi-Tədqiqat İnstitutunun məsləhətçisi vəzifəsində işləmişdir. Burada o, dağ çaylarında sel axınlarının hidravlik nəzəriyyəsinə dair çoxsaylı məsələlərin həlli ilə məşğul olmuş, əldə etdiyi nəticələr elmi-texniki ədəbiyyatda böyük marağa səbəb olmuşdur. 1929-1944-cü illərdə o, Azərbaycan Elmi-Texniki İnşaatçılar Cəmiyyətinə sədrlik etmişdir. Nasosqayırma və turbinqayırma sahəsində Ümumittifaq miqyasında görkəmli alim və mütəxəssislər sırasına daxil olmuş İ.Yesman su kəmərlərinin layihələndirilməsi və tikintisi üzrə böyük mütəxəssis idi. İ.Q.Yesman Bakı-Batumi neft kəmərinin layihələndirilməsi və tədqiqində fəal iştirak etmiş, Vladiqafqaz və Gəncə su kəmərləri layihələrinə rəhbərlik etmişdir. Dünya alimlərinin energetika və digər texniki elmlər üzrə elmi əsərləri sırasında İ.Yesmanın elmi əsərləri fəxri yer tutur. Öz elmi fəaliyyəti dövründə onun 130-dan artıq elmi iş dərc etdirmişdir. İ.Yesmanın müxtəlif ixtisas sahələrində çalışan mütəxəssislər üçün hidravlika dərsliklərinin hazırlanmasında müstəsna xidmətlərini qeyd etmək lazımdır. O, hidravlika sahəsində 11 kitab yazmışdır. Professor İ.Yesman Azərbaycan Mərkəzi İcra Komitəsinin iki çağırış üzvü və uzun illər Bakı Şurasının deputatı olmuşdur. Özünün 60 ildən artıq elmi və mühəndis-pedaqoji fəaliyyəti dövründə İ.Yesman çoxlu sayda tələbələr yetişdirmişdir. İ.Yesmana Əməkdar elm xadimi (1927), Əmək qəhrəmanı (1932) adları verilmişdir. O, Lenin (1953), Qırmızı Əmək Bayrağı (1941), “Qırmızı ulduz” ordenləri, “Qafqazın müdafiəsinə görə” və “1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində Fədakar əməyə görə”medalları ilə təltif olunmuşdur. 1945-ci ildə İ.Yesman Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. İ.Yesmanın anadan olmasının 75, elmi-texniki və pedaqoji fəaliyyətinin 50 illik yubileyində Azərbaycan SSR Elmlər Akademiyasının Energetika İnstitutuna İ.Q.Yesmanın adı verildi. Azərbaycan SSR EA-nın akademiki, Sosialist Əməyi Qəhrəmanı, texnika elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar Elm Xadimi İosif Qavriloviç Yesman 1 iyul 1955-ci ildə Bakı şəhəində vəfat etmişdir. |
|