Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Abdinov Ovsat Bahram oğlu
Abdinov Ovsat Bəhram oğlu 1944-cü il fevralın 23-də Balakən şəhərində anadan ol­muşdur. 1966-cı ildə Azərbaycan Döv­lət Uni­versitetinin Fizika fakül­təsini bitirmişdir. 1972-ci ildə fizika üzrə fəlsəfə doktoru, 1986-cı ildə fizika üzrə elmlər dok­toru elmi dərəcə­sini almış, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

1973-1975-ci illərdə ADU-nun Nəzəri fizika kafedrasında baş müəllim vəzi­fəsində ça­lış­mışdır. 1975-ci ildən AEA-nın Fizika İnstitutunun Yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri, 1993-2002-ci illərdə BNTİ-da baş elmi işçi vəzifələrində işləmişdir.

2008-ci ildə Ovsat Abdinovun təkilfi və rəhbərliyi altında Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Yüksək enerjilər fizikası labo­ratoriyası bazasında, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Milli Elmlər Akade­miyası Fizika İnstitutu­nun dəstəyi ilə Azərbaycanda ilk Milli GRİD – seq­menti yaradılmışdır. O, müasir təcrübələrin aparılması, təmin edilməsi və fiziki analizinin aktiv iştirakçısı və səlahiyyətli icraçısı olmuşdur. Onun rəhbərliyi altında SSSİ-nin 2 Dövlət proqramı, RFFİ-nin 2 qrantı, STCU-nun 1 qrantı, Azərbaycan Respublikası Prezidenti ya­nın­da Elmin İnkişafı Fondunun 1 qrantı başa çatdırılmışdır. Bir sıra Beynəlxalq konfransların təşkilat komitə­sinin üzvü və sədri olmuşdur.

O.Abdinov müxtəlif illərdə ADU və Azərbaycan Dövlət Neft Aka­demiyasında pedaqoji fəaliyyətlə məşğul olmuş, BNTİ-nin və AMEA Fizika İnstitutunun Elmi Şuralarının üzvü, fəlsəfə və elmlər doktorluğu elmi dərə­cələrinin verilməsi üzrə ixtisaslaşmış şuraların, və AAK-ın Fizika üzrə Ekspert Şurasının üzvü olmuşdur. Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbay­can Respublikasının tam hü­quqlu nümayəndəsinin müavini, İnstitutun Elmi Şurasının üzvüdür. 1997-ci ildən Avropa Nüvə Tədqiqatları Mərkəzinin ATLAS kollaborasiyasında Azərbaycan Res­publi­kasının koordinatoru, ATLAS kollabo­ra­siyasının üzvü olmuşdur.

O.Abdinov 600-dən artıq məqalənin müəllifi və həmmüəllifidir. Rəh­bərliyi ilə 2 fəlsəfə doktoru hazırlanmışdır. 

Ovsat Bəhram oğlu Abdinov uzun sürən xəstəlikdən sonra 29 oktyabr 2016-cı ildə vəfat etmişdir.

(1944-2016)