Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İlyas Atababa oğlu Babayev 1935-ci il mart ayının 23-də Quba rayonunun Xanagah kəndində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən AEA-da arxeologiya elmi sahəsində işləmişdir. 1962-1964-cü illərdə Leninqrad (Sankt-Peterburq) şəhərində SSRİ EA Arxeologiya İnstitutunun Leninqrad bölməsində aspiranturada oxumuşdur.
İ.Babayev 1965-ci ildə Bakıda fəlsəfə doktoru, 1983-cü ildə Moskvada SSRİ EA Arxeologiya İnstitutunda elmlər doktoru elmi adı almaq üçün dissertasiya müdafiə etmişdir. O, 1987-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. İ.Babayev Azərbaycanın müxtəlif rayonlarında tədqiqatlar aparan arxeoloji ekspedisiyaların iştirakçısı, təşkilatçısı və rəhbərlərindən olmuşdur. 2 beynəlxalq arxeoloji ekspedisiyaya, Koreya Respublikasının arxeoloqları ilə birlikdə Qəbələ, Almaniya, Gürcüstan arxeoloqları ilə Şəmkir-Qaracəmirli arxeoloji ekspedisiyalarına rəhbərlik etmişdir. Sonuncu ekspedisiyaya 2014-cü ildən Belçikanın Lüvan Katolik Universitetinin alimləri də qoşulmuşlar. İ.Babayev 260-dan çox elmi əsərin, o cümlədən “Qafqaz Albaniyasının şəhərləri e.ə. IV−b.e. III əsrlərində” (rus dilində) monoqrafiyasının, çoxcildlik “Azərbaycan tarixi”nin 1-2-ci cildlərinin, “Azərbaycan numizmatikası” (rus dilində), çoxcildlik “Azərbaycan ensiklopediyasının” 1-ci cildinin, “Naxçıvan ensiklopediyası”, ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Azərbaycan tarixi” və “Qədim dünya tarixi” dərsliklərinin müəlliflərindən biri və bu dərsliklərin rus dilinə tərcüməçisi, universitetlərin tarix fakültələri üçün “Azərbaycan tarixi ən qədim dövrdən 1871-ci ilə qədər” dərsliyinin müəlliflərindən biridir. 80-dən çox elmi məqaləsi xarici ölkələrdə nəşr olunmuşdur. İ.Babayevin əsərləri Azərbaycanda sinifli cəmiyyət və dövlətin yaranmasına, cəmiyyətin sosial quruluşuna, qədim beynəlxalq iqtisadi və mədəni əlaqələrə, Azərbaycanın qədim şəhərlərinə, pullarına, möhürlərinə həsr olunmuşdur. O, dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq elmi konfranslarda məruzələrlə iştirak etmişdir. İ.Babayev elmi tədqiqatlarla yanaşı, 36 il respublikanın universitetlərində müxtəlif tarixi fənlər üzrə mühazirələr oxumuşdur. İ.Babayev 2005-2009-cu illərdə Brüsseldəki Beynəlxalq İNTAS təşkilatının qrantlar üzrə qiymətləndirmə eksperti olmuşdur. 2001-2010-cu illərdə Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix üzrə Ekspert Şurasının üzvü, 2011-2012-ci illərdə həmin şuranın sədri olmuşdur. İ.Babayevin rəhbərliyi ilə 12 namizədlik dissertasiyası müdafiə olunmuşdur. 28 dekabr 2017-ci ildə vəfat etmişdir. |
|
(1935-2017) |