Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Babazadə Baba Qurbanqulu oğlu
B.Babazadə 1911-ci ildə Bakının Ramana kəndin­də anadan olmuşdur. 1923-1929-cu illərdə Sənaye Texnikumunda, son­ra Azərbaycan Sə­naye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geo­loji-kəşfiyyat fakül­təsində oxumuş və 1934-cü ildə oranı mühəndis-geoloq ixtisası üzrə bitir­mişdir.

B.Babazadə 1949-cu ildə geologiya-mineraloqiya üzrə fəlsəfə doktoru, 1962-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almış, 1959-cu ildə isə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçil­mişdir.

B.Babazadə əmək fəaliyyətinə «Əzizbəyovneft» Neft-Mədən İdarəsin­də “Qala” neft yatağının tədqiqilə başlamış və 1936-cı ildə onun rəhbərliyi ilə qazılmış quyu­nun dərin qatlarından “Qala lay dəstəsi” açılmışdır. Bu kəşf əsasında neft verən quyuların həm quru və həm də dəniz yataqlarının böyük məhsuldarlığa malik ehtiyatlarla zəngin olduğu aşkar edilmişdir. 1942-ci ildə «Əzizbəyovneft»in baş geoloqu işlədiyi zaman Buzovna-Maş­tağa yatağının açılmasına nail olmuşdur. Bu perspektivli yatağın açılması neft hasilatının getdikcə artması ilə bağlı idi. 1945-1952-ci illərdə o, «Azneft» Birliyinin baş geoloqunun müavini, baş geoloq, Birliyin rəisi, 1954-cü ildə Neft Sənaye Nazirliyinin baş geoloqu, 1960-cı ildən ömrünün sonuna qədər isə «Azneft» Birliyinin baş geoloqu vəzifələrində işləmiş­dir. 1952-ci ildə onun «Buzovna-Maştağa neft yatağı və Abşeronun dərində yatan perspektiv strukturlarının axtarışı» monoqrafiyası Leninqrad şəhərində (indiki Sankt-Peterburq) çap olunmuşdur. Buzovna-Maştağa, Zirə və Neft Daşla­rının şimal-şərq qana­dı, Palçıq pilpiləsi, Qaradağ, Kürovdağ, Mişovdağ, Qum adası və başqa zəngin neft və qaz yataqlarının açılması da B.Babazadənin adı ilə bağ­lıdır. Onun rəhbərliyi altında neftli və qazlı layların struktur qanunauyğun­luq­larının öyrənil­məsi, onla­rın genezisi və yataqların təsnifatı ilə bağlı tədqiqat­lar aparıl­mışdır. O, elmi işlə yanaşı, Azərbaycan Sənaye İnstitutunda pedaqoji fəaliy­yətlə də məşğul olmuşdur.

B.Babazadənin geoloji-kəşfiyyat və yataqların səmərəli işlənməsi üzrə 80-dən artıq elmi əsəri Azər­baycanın və bütün SSRİ-nin geoloq-neftçiləri üçün bö­yük əhəmiyyət kəsb etmişdir. Məşhur geoloq, böyük alim, istehsalat təşkilatçısı, müəllim kimi o, monoqrafiyalar, kitablar, ayrı-ayrı məqa­lələr şəklində böyük elmi irs və Azərbaycan neft sənayesinin inkişafı tarixində dərin iz qoymuşdur.

Onun rəhbərliyilə 20-dən çox fəlsəfə doktoru hazırlanmışdır.

B.Babazadənin neftqazçıxarma elminin inkişafı sahəsində xidmətləri höku­mət tərəfindən yüksək qiymətləndirilmiş, Sosialist Əməyi Qəhrəmanı birinci dərəcəli Stalin Mükafatı, Lenin Mükafatı və 3 dəfə “Qırmızı Əmək Bayrağı” orde­ni, həmçinin 1941-1945-ci illər Böyük Vətən mühari­bəsində “Qafqazın müda­fiə­sinə görə”, “Rəşadətli əməyə görə” medalları və Fəxri fərmanlarla təltif olun­muşdur.

B.Babazadənin adı YUNESKO-nun “Dünya alimlərinin elmi irsi” si­ya­hısına daxil edilmişdir.

AMEA-nın müxbir üzvü Baba Babazadə 1962-ci ildə Bakıda vəfat etmişdir.

           (1911-1962)