Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Cəfərov Cəfər Haşım oğlu
AMEA-nın müxbir üzvü Cəfər Haşım oğlu Cəfərov 7 sent­yabr 1914-cü ildə Bakıda anadan olmuş­dur.

O, Azərbaycan teatr­şü­­nas­lıq elminin formalaşmasında müs­təsna rol oyna­yan, bu elmin fundamental inkişaf proq­ramını müəy­yən­ləşdirən alim-nəzə­riy­yəçi ol­maqla yanaşı, görkəmli ictimai və dövlət xa­dimi kimi də böyük xidmətlər göstərmişdir.

Görkəmli alim 1955-ci ildə namizədlik, 1961-ci ildə dok­torluq dis­ser­ta­si­ya­sı­nı müdafiə etmiş, həmin ildə professor elmi adı­nı almışdır. 1963-cü ildə Azər­baycan Elm­lər Aka­de­mi­­­ya­sının müx­bir üzvü seçil­miş, 1972-cü ildə Əməkdar incəsənət xadimi fəx­ri adına layiq görülmüşdür.

C.Cəfərov 1930-cu ildə Bakı Pe­da­qo­ji Texnikumunu bitirmiş, 2 il müəllim iş­lə­dikdən sonra, 1932-ci ildə Moskva­dakı A.Bub­nov adına Pedaqoji İnstitutun Ədəbiyyat fa­kültəsinə daxil olmuş­dur. 1937-ci ildə ali təh­silini başa vuraraq Bakıya qa­yıt­mış, «Ədəbiyyat» qəzetinin Tənqid şöbəsinin mü­diri, Akademik Milli Dram Teat­rında ədə­bi hissə müdiri (1937-1938), C.Cab­barlı adına «Azər­baycanfilm» kinostudi­ya­sında ssenari şö­bə­si­nin müdiri (1938-1939), Azər­bay­can Ya­zı­çı­lar İttifa­qı­nın məsul katibi (1939), daha son­ra SSRİ Elmlər Aka­demiyası Azərbay­can Fi­lialının Dil və Ədəbiyyat İnstitutunun Ədə­biy­yat şöbə­sinin müdir müavini vəzifələrində ça­lışmışdır.

1940-cı ildə hərbi xidmətə çağ­ı­rı­lan C.Cəfərov II Dünya mühari­bə­sinin ilk gün­lərindən 1947-ci ilə kimi ordu sıralarında ol­muş, «Krım cəbhə­si» qəzetinin redaktoru iş­lə­miş, İraq və İrana ezamiyyətə göndərilmişdir.

C.Cəfərov 1947-1954-cü illərdə Azər­baycan KP MK-da şöbə müdiri,   Mədə­niy­yət na­zirinin müavini vəzifələ­rin­də çalışmışdır. O, sonrakı illərdə Azər­bay­can Dövlət Uni­ver­si­tetində, Azərbaycan Dövlət Pedaqoji İnstitu­tun­da, Azərbay­can Döv­lət İncəsənət İnstitutunda pedaqoji fəaliyyət gös­tərmək­lə yanaşı, «Pravda» qəze­tinin Azər­bay­can üzrə müxbiri olmuşdur. Cəfər Cə­fə­rov 1959-cu ildən ömrünün sonunadək Azər­bay­can Elmlər Aka­de­mi­­­ya­sı Me­mar­lıq və İncə­sənət İnstitutu Teatr və kino şö­­bə­si­nin müdiri olmuş, eyni zamanda 1967-1972-ci il­lərdə Azərbaycan KP MK-nın İdeo­lo­ji iş üz­rə katibi işlə­mişdir.

Teatrşünas, ədəbiyyatşünas alim elmi-tənqidi fəa­liyyətə 1930-cu ildən baş­la­­mış, teatrın, dramaturgiyanın həm ta­rixi, həm də nəzəri problemlərinə dair san­bal­lı əsərləri ilə milli teatrşünaslığımızın el­mi-nəzəri əsaslarını yarat­mışdır.

Alimin «Azər­baycan Dram Teatrı», «Re­jis­sor sənəti», 2 cilddə Azər­bay­can və       2 cild­də rus dil­lə­rin­də «Seçilmiş əsərləri», «Azər­baycan teatrı» ki­mi elmi əsərləri bu gün də milli teatr­şü­nas­lıq elmimizin dəyərli örnək­lə­rindəndir.

AMEA-nın müxbir üzvü Cəfər Cəfərov 19 sentyabr 1973-cü ildə Bakıda və­fat etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir.

(1914-1973)