Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Cəfərov İsgəndər Sadixoviç
İ.Cəfərov 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Azər­baycan Neft və Kimya İnstitutunun (indiki Azərbay­can Döv­lət Neft və Sənaye Universiteti) Geoloji-kəş­fiy­yat fa­kül­təsini mühəndis-geofizik ixtisası üzrə bitirmişdir.

 İ.Cəfərov 1975-ci ildə fəlsəfə doktoru, 1986-cı ildə geologiya-mineralogiya üzrə elm­lər doktoru elmi dərəcələrini almış, 1989-cu ildə Azərbaycan Elmlər Akademi­yasının (AEA) müxbir üzvü seçilmişdir.

İ.Cəfərov əmək fəaliyyətinə AEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda baş­lamışdır. 1993-cü ilə qədər bu institutda işləyən İ.Cəfərov kiçik elmi işçi vəzifəsindən şöbə müdiri vəzi­fəsinə qədər yol keçmişdir. Elmi maraq sahəsini isə geoloji obyektlərin xüsusiyyətlərinin model­ləşdiril­məsi və proq­noz­laş­dırılmasının riyazi üsullarının inkişafı təşkil etmişdir. O, pet­ro­fi­ziki əla­qə­lərin, geofiziki para­metrlərin, geoloji modellərin qurulması və neft-qazın tə­bii rezervuarları­nın ehtiyat­larının qiymətlən­dirilməsi zamanı ehtimal determi­nent yanaşma­dan istifadə etmişdir.

İ.Cəfərov öz tədqiqatlarını sistem yanaşma əsasında və geoloji-geofiziki mə­lumatların analizində kompüter texnologiyasından istifadə etməklə aparmış, karbohidrogen yataqlarının kəşfiyyatı məsələlərinin həllində orijinal kom­püter proqramlarını işləyib hazırlamışdır.

İ.Cəfərov Xəzər dənizinin bir sıra yataqlarının ehtiyatlarının hesablan­ması üzrə yerinə yetirilən işlərdə iştirak etmiş, Tengiz, Karaçağanak və Samotlor yataqları üzrə ekspert olmuşdur. 1993-1997-ci illərdə Ümumittifaq Elmi Tədqi­qat Neft İnstitutunda (Moskva) baş elmi işçi vəzifəsində ça­lışmışdır. O, Sibir-Ural neft qazkimya şirkətinin böyük vitse-prezidenti vəzifəsində işləmişdir. 1998-ci ildə Rusiyanın Təbiət Elmləri Akademiyası­nın həqiqi üzvü  seçilmişdir.

İ.Cəfərovun 127 elmi əsəri, o cümlədən 9 monoqrafiyası çap olun­muş­dur.   11 patentin müəllifi olan İ.Cəfərovun rəhbərliyilə 17 fəlsəfə dok­toru hazır­lan­mışdır. İ.Cəfərov İ.M.Qubkin adına Mükafatın laureatı olmuş­ və Rusi­yanın Fəxri neftçi­si adına layiq görülmüşdür. 2006-cı ildə elm və texnika sahəsində RF Dövlət Mükafatına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü İsgəndər Cəfərov 2013-cü ildə Rusiyada vəfat etmişdir.

 (1948-2013)