Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Qara Məmməd oğlu Əhmədov 1928-ci ildə Qəbələ rayonunun Çarxana kəndində anadan olmuşdur. 1949-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir.
1958-ci ildə SSRİ Elmlər Akademiyası Arxeologiya İnstitutunun Leninqrad bölməsində “Azərbaycanın IX-XIII əsrlər şirsiz məişət keramikası” mövzusunda dissertasiya müdafiə etmiş və fəlsəfə doktoru adını almışdır. Onun elmi fəaliyyəti Azərbaycanın orta əsrlər dövrü abidələrinin tədqiqatlarından ibarət olmuşdur. 1972-ci ildə “Beyləqan orta əsr şəhəri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bununla o, Azərbaycanda arxeologiya ixtisası üzrə elmlər doktoru elmi dərəcəsini almış ilk alim olmuşdur. Q.Əhmədov 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Q.Əhmədov 1953-cü ildən 1968-ci ilədək 15 il müddətində Azərbaycanın möhtəşəm orta əsr şəhərlərindən olan Beyləqanda (Örənqala) arxeoloji qazıntılar aparmışdır. Q.Əhmədov 30 ildən artıq bir müddətdə qədim Qəbələ şəhərinin erkən orta əsr və orta əsr dövrlərini əhatə edən sahələrində arxeoloji qazıntı işləri aparmışdır. Bu tədqiqatların yekunu olaraq “Qəbələ orta əsrlərdə” adlanan kitab nəşr etdirmişdir. Q.Əhmədov Azərbaycan arxeologiya elmini beynəlxalq miqyasda layiqincə təmsil etmiş, bütün ömrünü Azərbaycanın dövlətçilik tarixində böyük əhəmiyyətə malik olan orta əsr şəhərlərinin tədqiqatlarına sərf etmişdir. Q.Əhmədov 20 il Tarix İnstitutunun nəzdindəki Arxeologiya və Etnoqrafiya Sektorunun Elmi Şurasına rəhbərlik etmişdir. Onun 100-dən artıq elmi məqaləsi və 6 monoqrafiyası nəşr olunmuşdur. Q.Əhmədovun rəhbərliyi ilə 7 elmlər namizədi, 3 elmlər doktoru hazırlanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Qara Əhmədov 2003-cü il may ayının 4-də Bakıda vəfat etmişdir. |
|
(1928-2003) |