Əhmədov Qoşqar Teymur oğlu 1917-ci il oktyabrın 20-də Gədəbəy rayonunda anadan olmuşdur. 1930-33-cü illərdə Bakı Beynəlmiləl Pedaqoji Texnikumunda təhsil almış, 1940-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini, 1942-ci ildə F.Dzerjinski adına Hərbi Akademiyanı bitirmişdir. O, 1950-ci ildə fəlsəfə doktoruluğu, 1960-cı ildə elmlər doktorluğu dissertasiyasını müdafiə etmiş, 1961-ci ildə professor elmi adını almış, 1969-cu ildə AEA-nın müxbir üzvü seçilmişdir.
1942-1946-cı illərdə Bakı qarnizonu komandanının zenit artilleriyası üzrə müavini, 1946-1961-ci illərdə Azərbaycan Dövlət Universitetində assistent, dosent, dekan müavini, 1958-ci ildən ömrünün sonuna qədər Diferensial və inteqral tənliklər kafedrasının müdiri, 1970-1972-ci illərdə Mexanika-riyaziyyat fakültəsinin dekanı işləmişdir. Q.Əhmədovun əsas elmi istiqaməti qeyri-xətti inteqral tənliklər nəzəriyyəsi ilə bağlıdır. İdarəetmə nəzəriyyəsi, diferensial-fərq tənlikləri nəzəriyyəsi sahəsində mühüm elmi nəticələr əldə etmişdir. Nüvəsi parametrdən asılı olan bir sinif qeyri-xətti inteqral tənliyi cırlaşmış nüvələr üsulu ilə araşdırmışdır. 1965-ci ildən müasir riyaziyyatın çox sürətlə inkişaf edən optimal prosseslərin riyazi nəzəriyyəsi istiqaməti üzrə elmi fəaliyyətə başlamış və gənc nəslin böyük bir dəstəsini bu istiqamətdə elmi tədqiqatlar aparmağa yönəltmişdir. 1965-ci ildə respublikamızda ilk dəfə "Optimal idarəetmənin riyazi əsasları" üzrə elmi seminar təşkil etmiş və burada riyaziyyatın müxtəlif yeni sahələri (optimal idarəetmə nəzəriyyəsi, meyl edən diferensial tənliklər nəzəriyyəsi, dayanıqlıq nəzəriyyəsi) öyrənilmişdir. Q.Əhmədov 70-dən çox elmi əsərin müəllifidir. Rəhbərliyi altında 60-dan çox fəlsəfə doktoru hazırlanmışdır. Q.Əhmədov Moskva Riyaziyyat Cəmiyyətinin və keçmiş SSRİ Ali Təhsil Nazirliyi nəzdnində Riyaziyyat üzrə Metodik Şuranın üzvü olmuşdur. AMEA-nın müxbir üzvü Qoşqar Əhmədov 1975-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1917-1975)
|