Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Əliyev Abdul Hacıəli oğlu

A.Əliyev 1911-ci ildə Dağıstanın Daxadayev ra­yo­nunun Qubaçi kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutu­nun (indiki Azər­baycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini bitir­miş­dir.

A.Əliyev 1940-cı ildə geologiya-mine­ralogiya üzrə fəlsəfə doktoru, 1946-cı ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almış, 1955-ci ildə Azər­bay­can Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

A.Əliyevin doktorluq dissertasiyası Azərbaycanın neftli-qazlı qatının öyrə­nil­məsinə mühüm töhfə olmuş və kəsilişlərin bölgü və korellyasiyası sayəsində gələcək tədqiqatların əsası qoyulmuşdur.

A.Əliyev əmək fəaliyyətinə Azneftkəş­fiyyat Tres­tində mühəndis-geoloq vəzi­fəsində başlamışdır. O, 1948-1951-ci illərdə AEA Geologiya İnsti­tutunun (indiki Geologiya və Geofizika İnsti­tutu) direktoru vəzi­fəsində çalışmış və institutun Süxurların fiziki xüsusiy­yətləri laboratoriyasına rəhbərlik etmişdir. 1951-1959-cu illərdə Azərbay­can Elmlər Akademiyasının yeni təsis edilmiş Neft Ekspedisiyasının rəisi vəzifəsinə təyin edilmişdir. Onun rəhbərliyi altında Azərbaycanın perspek­tivli yataqlarının neft və qaz ehtiyat­larının hesablanması üzrə böyük işlər aparılmış, yataqlara təsir etmənin çox­saylı layihələri işlənib hazırlanmışdır ki, bu da Azərbaycanın neft mədənlərində neft hasilatının artı­rılmasına yar­dım etmişdir. Elmi fəaliyyəti Azər­baycanın çöküntü qatlarının petroqrafi­ya­sı, korellyasiyası və mezo-kaynozoy hövzə­lə­rinin paleocoğrafiya­sı­nın öyrə­nilməsi məsələlərinə həsr olunmuşdur. O, Azər­baycanın mezo-kay­nozoy hövzələrinin paleocoğrafiyasını dərindən bilmək üçün çoxsaylı yeniliklər işləyib hazırlamışdır.

A.Əliyev Azərbaycanın neft yataqları və litoloji xəritələrini tərtib edən alim­lər­dən biri olmuşdur. O, Azərbaycanda ilk dəfə olaraq karbonat süxurların neft və qaz kollektorları kimi xüsusiyyətlərini öyrən­məyin də zəruri oldu­ğunu əsas­landırmşdır.

A.Əliyev ömrünün son illərində Dağıstan Dövlət Universitetinin rektoru olmaq­la yanaşı, eyni zamanda AEA Geologiya İnstitutunun Fasiya və paleocoğ­rafiya laboratoriyasına rəhbərlik etmişdir.

A.Əliyev elmi tədqiqat işləri ilə yanaşı pedaqoji fəaliyyətlə də  məşğul olmuş, Azərbaycan Sənaye İnstitutunda (indiki ADNA) və Azərbaycan Dövlət Univer­sitetində (indiki Bakı Dövlət Universiteti) bir neçə il dərs demişdir.

A.Əliyev 100-dən artıq dərc olunmuş əsərin, o cümlədən 10 mono­qrafiyanın  müəllifi olmuşdur.  Onun əsərlərində Azərbaycanın və Dağıs­ta­nın istismar və kəşfiyyat sahələrinin mezo-kaynozoy çöküntülərinin tərkibi və kollektor­luq xüsusiyyətlərini xarakterizə edən külli miqdarda faktiki material ümu­miləş­dirilmişdir. 

A.Əliyevin rəhbərliyi ilə 20 fəlsəfə doktoru hazırlanmışdır ki, onlardan da bəziləri gələcəkdə elmlər doktoru, akademik olmuşlar. 

AMEA-nın müxbir üzvü Abdul Əliyev 1965-ci ildə Dağıstanda vəfat etmişdir. 

 

(1911-1965)