Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Böyükağa Hüseynov 7 mart 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində təhsil almışdır. 1974-cü ildə doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru alimlik dərəcəsini almışdır. 1980-ci ildə ona professor elmi adı verilmiş, həmin il Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. B.Hüseynov 1962-1981 illərdə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunun (hazırda Şərqşünaslıq İnstitutu) direktor müavini işləmişdir. O, eyni zamanda 1966-cı ildən ömrünün sonuna kimi həmin institutun İran filologiyası şöbəsinə rəhbərlik etmişdir. Doktorluq dissertasiyalarının müdafiəsi üzrə Asiya və Afrika xalqları ədəbiyyatı İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri olmuşdur. B. Hüseynov Moskvada, Parisdə, Berlində, Praqada keçirilmiş Beynəlxalq konqres və simpoziumlarda maraqlı məruzələr etmişdir. Alim XIX əsrin sonu – XX əsrin əvvəli İran ədəbiyyatının aktual-nəzəri problemlərinə dair tədqiqatların müəllifidir. Onun elmi əsərləri həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda - İran, Türkiyə, Çexoslovakiya, Rusiya və başqa ölkələrdə çap olunmuşdur. AMEA-nın müxbir üzvü Böyükağa Hüseynov 31 may 1983-cü ildə Bakıda vəfat etmişdir. |
|
(1926-1983) |