Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Hüseynov Rəhim Allahverdi oğlu

Rəhim Hüseynov 1914-cü ildə Gəncədə dünyaya göz açmışdır. 1932-ci ildə Kənd Təsərrüfatı Texnikumunu, 1936-cı ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu­nun İpəkçilik şöbəsini bitirdikdən sonra Tbilisidə həmin ixtisas üzrə Zaqafqaziya İpəkçilik İnstitutunun aspiranturasına daxil olmuşdur. 1941-ci ildə “Tut ipəkqur­dun­da inbridinq” mövzusu üzrə dissertasiya müdafiə edərək bio­logiya elmləri na­mizədi alimlik dərəcəsi almışdır.

Böyük Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına çağırılmış və mü­ha­ribə qələbə ilə bitənədək döyüşmüşdür. Vətən qarşı­sın­dakı böyük xidmətlə­rinə görə “Lenin”, “Qırmızı ulduz”, “Şərəf nişanı” ordenləri, “İgidliyə görə”, “Stalin­qradın müda­fiəsinə görə”, “Budapeştin alınmasına görə”, “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif olun­muşdur.

O, 1947-ci ildən 1951-ci ilədək Azərbaycan Elmi Tədqiqat İpəkçilik stansiya­sının direktoru, sonra isə Kənd Təsərrüfatı İnstitutunda ipəkçilik kafedrasının müdiri vəzi­fələrində çalışmışdır. Rəhim Hüseynov İki dəfə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fər­manı, Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin Böyük Qızıl medalı, Miçurin və Paster adına xatirə medalları və s. ilə təltif olunmuşdur. 1962-ci ildən 1970-ci ilə qədər Rəhim Hüseynov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda elmi işlər üzrə prorektor, İpəkçilik kafedrasının müdiri, 1970-ci ilin yanvarından isə yenidən Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutuna direktoru vəzifələrini tutmuşdur.

Sovetlər Birliyi dövründə Azərbaycan ipəkçiliyində tut ipəkqurdlarının planlı selek­siyası işlərinə ilk dəfə Rəhim Hüseynov tərəfindən başlanmışdır. Ötən əsrin 50-60-cı illərində respublikamızda geniş yayılmış yüksək məhsul verən tut ipək­qurdu cinsləri və hibridləri onun səmərəli elmi tədqiqatlarının məhsulu olmuşdur. Rəhim Hüseynovun yaratmış olduğu yüksək məhsuldar “Azərbaycan” cinsi 1950-ci ildə SSRİ Dövlət Müka­fatına layiq görülmüşdür. Tbilisi şəhərində 1962-ci ildə “Azərbaycan ipəkçiliyində se­lek­siya və damazlıq işləri” mövzusunda doktorluq dis­ser­tasiyası müdafiə edib, ipəkçilik ixtisası üzrə respublikada ilk biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Rəhim Hüseynov zəhməti və bacarığı hesabına Azərbaycan SSR Elmlər Akademiyasının (1968) və eyni zamanda Respublika Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü seçilmiş­dir. Onun tərəfindən hazırlanmış tut ipəkqurdlarının damazlıq istiqamətində bəslənməsi metodikası 1959-cu ildən Azərbaycanda, sonra isə sovetlər məkanında geniş tətbiq edilmişdir.

Alimin ipəkçiliyin seleksiyasına və damazlıq işlərinin təşkilinə dair 60-dan artıq elmi əsəri, mono­qrafiya və kitabçaları çapdan çıxmışdır. Rəhim Hüseynov iki dəfə Azərbay­can SSR Ali Sovetinə deputat seçilmiş, Azərbaycan KP XX, XXI, XXII qurul­taylarının nü­mayəndəsi olmuş, Kirovabad (Gəncə) Şəhər Partiya Komitəsinin üzvü, şəhər sovetinin deputatı, “Bilik” cə­miyyəti Kirovabad şəhər idarə heyətinin sədri və respublika Sülhü Mü­dafiə Komitəsinin üzvü kimi ictimai işlərdə səmərəli fəaliyyət göstərmişdir. Azərbay­can SSR Nazirlər Sovetinin 7 dekabr 1989-cu il tarixli qərarı ilə Azərbaycan Elmi Tədqi­qat İpəkçilik İnstitutuna, alimin xatirəsini əbədiləşdir­mək üçün Gəncə şəhərində bir küçəyə Rəhim Hüseynovun adı verilmiş, yaşadığı evə xatirə lövhəsi vurulmuşdur.

AMEA-nın müxbir üzvü Rəhim Hüseynov 25 may 1971-ci ildə vəfat etmişdir. 

(1914-1971)