İbadlı Oruc Vəli oğlu 1938-ci il noyabrın 5-də Füzuli rayonunun Dövlətkarlı kəndində anadan olmuşdur. O, Gəncə Pedaqoji Universitetinin Biologiya fakültəsini bitirmişdir (1967). O.İbadlı 1973-cü ildə fəlsəfə doktoru, 2004-cü ildə elmlər doktorluğu dissertasiyasını müdafiə etmişdir. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. O, 1973-cü ildə AMEA Botanika İnstitutunda laborant, 1974-cü ildə kiçik elmi işçi, 1977-ci ildə böyük elmi işçi, 1983-cü ildə isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2000-ci ildən 2014-cü ilə kimi AMEA Nəbatat Bağında direktor vəzifəsini tutmuşdur. O.V.İbadlının tədqiqatları Qafqazda bitən geofitlərin taksonomik tərkibini müəyyənləşdirmək, onların yayılmasını, morfoloji, anatomik quruluşunu öyrənmək, Abşeron şəraitinə introduksiya etmək, onların əhəmiyyətini, səmərəli istifadə edilmə perspektivlərini aşkara çıxarmaq və mühafizəsini təmin etmək kimi vacib məsələlərə həsr edilmişdir. Bu tədqiqatlar nəticəsində Qafqazda 22 fəsiləyə, 91 cinsə aid 517 növ geofitlərin olduğu müəyyənləşdirilmişdir. Qafqaz geofitlərini müxtəlif növ çiçək kompozisiyalarında istifadə etmək və onların uzun müddət yaraşıqlı, dekorativ və effektli olması üçün 3 ballı fenospektr cədvəli təklif olunmuşdur. O.İbadlı işlədiyi müddət ərzində Mərkəzi Nəbatat Bağında geofit bitkilərindən ibarət kolleksiya sahəsi yaratmışdır. Toplanmış kolleksiyanın 323 bitkisi üzərində sınaq keçirilmiş və onlardan 150-yə qədəri təsərrüfatlara tövsiyə edilmişdir. Bu işlər haqqında 3 müəlliflik şəhadətnaməsi alınmışdır. Bundan əlavə O.İbadlı nadir və nəsli kəsilməkdə olan bitkilərin kolleksiyasını yaratmış, həmin kolleksiya hesabına genofond yaradılaraq Azərbaycanda tükənməkdə olan nadir bitkilərin 50-dən çox növü reintroduksiya olunmuşdur. O.V.İbadlı geofit bitkilərlə yanaşı, 50-dən artıq sarmaşan bitkinin (lianların) Abşeron şəraitində biomüxtəlifliyi, taksonomiyası, əhəmiyyəti, becərilmə aqrotexnikası, şaquli yaşıllaşdırmada istifadə qaydaları, xəstəlik və ziyanvericilərinə qarşı mübarizə tədbirlərini tədqiq etmişdir. O.İbadlı 198 elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 15 kitabçanın və 4 dildə 2 hissəli “Nəbatat terminləri və bitki adları” lüğətinin müəlliflərindən biridir. Azərbaycanın “Qırmızı Kitab”ının, Moskva Baş Botanika Bağında buraxılan “Qırmızı Kitab”ın, ASE-nin, Azərbaycan Milli Ensiklopediyasının, SSRİ-nin və Baltikyanı ölkələrin “Çiçək kataloqları”nın müəlliflərindən biri, dərslik, metodik məcmuə, tövsiyələrin müəllifidir. İlk dəfə olaraq “Qafqaz geofitlərinin konspekti” kitabını tərtib etmişdir. Onun rəhbərliyi ilə 5 aspirant və 6 dissertant elmi dərəcə almışdır. O.İbadlı Bakı şəhərində Aqro-bədii şuranın, Milli parkın elmi-metodik şurasının, Meşəçilik İnstitutunun Elmi Şurasının, AMEA Botanika İnstitutunun Müdafiə Şurasının, “Elm və həyat” jurnalının redaksiya heyətinin üzvü olmuşdur. O, “Tərəqqi” medalı və 2 dəfə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuşdur. AMEA-nın müxbir üzvü Oruc İbadlı 2015-ci il fevralın 23-də Bakıda vəfat etmişdir. |
|
(1938-2015) |