İnqilab Saleh oğlu Kərimov 4 aprel 1931-ci ildə Göyçay şəhərində anadan olmuşdur. O, orta təhsilini Göyçay şəhərində almış, 1953-cü ildə Azərbaycan Teatr İnstitutunun Teatrşünaslıq fakültəsini bitirmiş və ölkəmizin ilk peşəkar teatrşünaslarından biri olmuşdur. 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda çalışan İ.Kərimov aspirantlıqdan şöbə müdiri vəzifəsinədək yüksəlmiş və 1985-ci ildən ömrünün sonunadək institutun Teatr, kino və televiziya şöbəsinə rəhbərlik etmişdir. İ.Kərimov 1963-cü ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1988-ci ildə professor elmi adına layiq görülmüş, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasınınnın müxbir üzvü seçilmişdir. Milli teatrşünaslıq elminin yaradıcılarından biri olan İ.Kərimov Azərbaycan teatrının tarixinə, tənqidinə və nəzəri məsələlərinə həsr olunmuş yüzlərlə məqalənin, 200-ə yaxın elmi əsərin, o cümlədən 25 monoqrafiya və kitabın müəllifidir. Onun «Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri», «Azərbaycan teatr tarixi» (I, II cild), «Heydər Əliyev sənət, sənətkarlar və sənətkarlıq haqqında», «Ə.Haqverdiyev və teatr», «Azərbaycan - Türkiyə teatr əlaqələri», «Azərbaycan teatrı - 125» və b. fundamental əsərləri Azərbaycan sənətşünaslığının inkişafında müstəsna rol oynamışdır. Görkəmli alim elmi kadrların hazırlanmasında da böyük əmək sərf etmiş, onun rəhbərliyi altında 15 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almışdır. İ. Kərimov eyni zamanda uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi 40 ildən artıq bu təhsil müəssisəsində yüksək ixtisaslı mədəniyyət kadrlarının hazırlanmasında böyük xidmətlər göstərmişdir. Görkəmli alim eyni zamanda bədii yaradıcılıqla da məşğul olmuşdur. O, müəllifi olduğu “Necə qan ağlamasın” adlı hekayələr kitabı, Bakı Bələdiyyə Teatrında tamaşaya qoyulmuş «Xəyanətin müsibəti» faciəsi, tərcümə etdiyi və müxtəlif teatrlarda tamaşaya qoyulmuş 18 pyeslə Azərbaycan ədəbiyyatını, milli teatr və dramaturgiyamızı zənginləşdirmişdir. AMEA-nın müxbir üzvü İnqilab Kərimov 22 iyul 2011-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1931-2011) |