Kərimov Sabit Qəhrəman oğlu 1940-cı il aprelin 10-da Naxcıvan MR Ordubad səhərində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNA) İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini elektrik-ölçü texnikası ixtisası üzrə bitirmişdir.
1968-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1987-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 1989-cu ildə professor elmi adını almıs, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. O, 1989-cu ildən 2013-cü ilə kimi Azərbaycan Dövlət Neft Akademiyasında Hesablama maşınları və proqramlaşdırma kafedrasının müdiri vəzifəsində çalışmışdır. Sabit Kərimovun elmi tədqiqatlarının əsas istiqaməti informasiya və ekspert sistemlərinin yaradılması və tətbiqi ilə əlaqəli olmuş və avtomatlaşdırılmış informasiya və idarəetmə sistemlərinin, diaqnostik ekspert sistemlərinin, verilənlər bazalarının yaradılması və tədqiqinə, informatika üzrə çoxdilli terminoloji lüğətlərin tərtibinə həsr olunmuşdur. Kimya, neft kimyası və neftemalı sahələri üzrə avtomatlaşdırılmış informasiya və idarəetmə sistemlərinin, informasiya və ekspert sistemlərinin yaradılması və tətbiqi üzrə elmi tədqiqat işləri aparmışdır. Rəhbərliyi və bilavasitə iştirakı ilə kimya və kimya texnologiyası sahələri üzrə informasiya-axtarış sistemləri, neft emalı və neft kimyası sənayesi üzrə ərazi avtomatlaşdırılmış idarəetmə sistemi, istehsal müəssisələri üçün avtomatlaşdırılmış informasiya və idarəetmə sistemləri, bitkilərin mühafizəsi, Xəzər dənizinin ekologiyası, neft maşınqayırma sahələri üzrə informasiya sistemləri, tibbi diaqnostika üzrə ekspert sistemləri yaradılmış və tətbiq edilmiş, informatika üzrə çoxdilli izahlı terminoloji lüğət hazırlanmışdır. S.Kərimov 200-dən artıq elmi əsər, 5 dərslik, 25 dərs və metodik vəsaitin, 5 monoqrafiyanın müəllifidir. Əməkdar müəllim (2009) fəxri adı, “Tərəqqi” medalı (2010) ilə təltif edilmişdir. AMEA-nın müxbir üzvü Sabit Kərimov 2013-cü ildə Bakıda vəfat etmişdir. |
|
(1940-2013) |