Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Qəmbərov Yunis Heydər oğlu

Yunis Heydər oğlu Qəmbərov 1926-cı il martın 5-də Füzuli rayonunun Kürdlər kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir (1949).

Y.Qəmbərov Dövlət Kimya Komitə­sinin Bakı Təcrübə Zavodunun mərkəzi labo­ratoriyasının müdiri olmuş (1959-1962), 1962-ci ildə həmin zavodun ba­za­sında Ümumit­tifaq Elmi-Tədqiqat Olefinlər İns­ti­tutu (VNİİOlefin) yarandıq­dan sonra Piroliz laboratoriyasına müdir təyin edilmişdir. 1973-cü ildə Ole­finlər İnstitu­tunda Karbohidrogen monomerləri şöbəsinə rəhbər, 1976-cı ildə isə elmi işlər üzrə direktor müavini, 1990-cı ildə isə həmin ins­titutun direktoru təyin edilmişdir.

Y.Qəmbərov 1960-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1968-ci ildə tex­nika üzrə elmlər doktoru elmi dərəcəsini, 1971-ci ildə isə professor elmi adını almış­dır. 1980-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmışdır.  

Y.Qəmbərov neft kimyası və neft-kimya sintezi sahəsində görkəmli alimdir. Onun əsas elmi tədqiqatları təbii karbohidrogen xammalının və on­ların emal məhsullarının yüksək temperaturda termik və hidrogen iştirakı ilə çevrilmələ­rinin öyrənilməsinə və bu yolla kiçik molekullu olefin və aromatik karbohidro­genlərin alınması üçün yeni yüksək effektivliyə malik texnoloji proseslərin ya­ra­dılmasına aiddir.

Onun rəhbərliyi ilə işlənib hazırlanmış yüksək təmizlikli benzolun alınması prosesi keçmiş Sovet İttifaqının bir sıra iri neft-kimya kompleks­lərində tətbiq edil­miş və eləcə də, Sumqayıt EP-300 etilen kompleksində həyata keçiril­mişdir.

Y.Qəmbərovun rəhbərliyi altında aparılan elmi tədqiqat işləri içərisin­də olefin və aromatik karbohidrogenlərin alınması üçün müxtəlif fərdi kar­bo­hidrogenlərin və eləcə də, pirolizin maye məhsullarının və digər mənşəli texniki aromatik qatışıqların yüksək temperaturlu termik çevrilmələrinin hərtərəfli öyrənilməsi mühüm yer tutur.

Y.Qəmbərovun rəhbərliyi ilə həmçinin toluoldan və başqa fərdi alkila­ro­ma­tik karbohidrogenlərdən termik və katalitik hidrodealkilləşmə yolu ilə benzo­lun alınması prosesi işlənib hazırlanmışdır.

Y.Qəmbərovun rəhbərliyi altında aparılmış geniş tədqiqatlar nəticəsin­də benzolla yanaşı naftalinin, difenilin və başqa qiymətli aromatik karbohid­ro­gen­lərin alınması üçün pirolizin maye məhsullarının müxtəlif səmərəli komp­leks emalı variantları hazırlanmış və sənayeyə tövsiyə edilmişdir.

Y.Qəmbərov bir sıra elmi-koordinasiya şuralarının və ixtisaslaşmış şura­la­rın üz­vü, Azərbaycan Sovet Ensiklopediyasının və "Azərbaycan Neft Təsər­rü­fatı" jurnalının redaksiya heyətinin üzvü olmuşdur. O, neft-kimya sintezinə dair keçirilən Beynəlxalq simpozium, qurultay və konfranslarda respublika elmini ləyaqətlə təmsil etmiş və dərin məzmunlu məruzələrlə çıxış etmişdir.

Y.Qəmbərov 220 məqalə, o cümlədən 40 ixtira və 6 monoqrafiyanın müəl­lifidir. Onun rəhbərliyi ilə 25 fəlsəfə doktoru, 2 elmlər doktoru hazır­lanmışdır. “Qırmızı Əmək bayrağı”, “Xalqlar dostluğu” ordenləri ilə təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Yunis Qəmbərov 1991-ci ildə Bakıda vəfat etmişdir.

  (1926-1991)