Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Zakir Cabbar oğlu Məmmədov 16 avqust 1936-cı ildə Ağdam şəhərində anadan olmuşdur.
Z.Məmməda 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. 1969-cu ildə fəlsəfə doktoru, 1990-cı ildə elmlər doktoru adını almaq üçün dissertasiya müdafiə etmişdir. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsindən başlayan Z.Məmmədov 1962-1963-cü illərdə Misirdə Asuan Su Elektrik Stansiyasının inşasında tərcüməçi kimi çalışmışdır. Z.Məmmədov 1964-cü ildən Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi kimi çalışmış, 1969-cu ildən 1970-ci ilə qədər Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor vəzifəsində işləmişdir. Z.Məmmədov 1970-ci ildən həyatının sonuna qədər Fəlsəfə və Hüquq İnstitutunda böyük elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır. Z.Məmmədovun elmi yaradıcılığı əsas etibarilə Şərq fəlsəfəsi tarixi və dinşünaslıq məsələlərinə həsr edilmişdir. Z.Məmmədov 40 ilə yaxın müddətdə elmi axtarışlar apararaq, Azərbaycan filosoflarının və mütəfəkkirlərinin ərəb və fars dillərində dünyanın müxtəlif ölkələrində çap olunmuş, habelə əlyazması şəklində saxlanılan zəngin irsini üzə çıxarmışdır. Alim onların fəlsəfəsini (varlıq təlimi və idrak nəzəriyyəsini), məntiqini, ictimai-siyasi və etik görüşlərini araşdırmışdır. Z.Məmmədov sübuta yetirmişdir ki, orta əsrlərdə müsəlman Şərqində, o cümlədən Azərbaycanda dini fəlsəfi təlimlərlə yanaşı, elmi-fəlsəfi təlimlər də olmuşdur. Bununla yanaşı, müəyyənləşdirmişdir ki, elmi-fəlsəfi təlimlər Şərq peripatetizmindən, sufizmin panteist istiqamətindən və işraqilikdən ibarətdir. Z.Məmmədovun tədqiqatları göstərir ki, Şərq peripatetizmini türk filosofu Əbunəsr Farabi, sufizmin panteist sistemini Azərbaycan filosoflarından Eynəlqüzat Miyanəci, işıq və qaranlıq prinsipinə əsaslanan işraqilik təlimini Şihabəddin Yəhya Sührəvərdi yaratmışdır. Z.Məmmədov 20-yə yaxın kitabın, 250 elmi məqalənin müəllifidir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Zakir Məmmədov 2003-cü il martın 2-də Bakı şəhərində vəfat etmişdir. |
|
(1936-2003) |