Nərimanbəyov Oleq Ayaz oğlu 1938-ci il sentyabrın 22-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunu neft və qazın texnologiyası ixtisası üzrə bitirmişdir (1960).
O.Nərimanbəyov 1964-cü ildə kimya üzrə fəlsəfə doktoru və 1985-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1988-ci ildə professor elmi adını almış, 1989-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir. Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında kafedra müdiri (1973-1979), AEA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda (indiki AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) laboratoriya müdiri (1979-1986) və şöbə müdiri (1986-1992) vəzifələrində çalışmışdır. O.Nərimnabəyov yeni elmi istiqaməti - katalizator olmaqla bioüzvi sistemlərin iştirakı ilə yavaş kimyəvi çevrilmələrin getməsini inkişaf etdirmişdir. O.Nərimnabəyovun rəhbərliyi altında Penisillium-rubrum ştammlarının iştirakı ilə neft-kimya sintezi məhsulları əsasında fenisinin biosintezinin texnoloji əsasları işlənilmişdir. Bio-üzvi və üzvi sintez məhsulları əsasında şişə qarşı və radioprotektor xassəli effektiv preparatlar alınmış və sınaqdan keçirilmiş, onların canlı orqanizmin mühüm həyati proseslərində hemostimuledici və biorequləedici fəallığı müəyyən edilmişdir. O.Nərimanbəyovun elmi əsərləri kimyəvi kinetika və kataliz sahəsində praktik və nəzəri tədqiqatlara, qeyri-üzvi və bio-üzvi katalizatorların proqnozlaşdırılması və tədqiqatların xüsusiyyətinə, homogen və heterogen katalizatorların iştirakı ilə əsas kataliz reaksiyalarının mexanizmləri və genetik qanunauyğunluqlarının öyrənilməsinə, ferment və poliferment sistemlərin iştirakı ilə funksional üzvi birləşmələrin elmi əsaslarının işlənməsinə həsr olunmuşdur. Onun rəhbərliyi ilə 11 fəlsəfə doktoru hazırlanmışdır. O, 200-dən çox elmi əsərin müəllifidir. O.Nərimanbəyov Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. AMEA-nın müxbir üzvü Oleq Nərimanbəyov 2002-ci ildə vəfat etmişdir. |
|
(1938-2002) |