F.Orucəliyev 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mədən fakültəsini bitirmişdir.
1968-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1981-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, professor elmi adını almış, 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü seçilmişdir. F.Orucəliyev 1963-cü ilə qədər 26 Bakı komissarı adına Neft Qazçıxarma İdarəsində neft hasilatı üzrə operator, Elmi Tədqiqat İstehsalat İşləri Sexinin (ETİİS) baş mühəndisi işləmişdir. O, 1963-1997-ci illərdə AEA-nın Dərin Neft Qaz Yataqları Problemi İnstitutunda mühəndis, böyük mühəndis, baş elmi işçi, laboratoriya rəhbəri olmuşdur. F.Orucəliyev neft və qaz yataqlarının işlənilməsi sahəsində görkəmli alim olmuşdur. F.Orucəliyevin elmi tədqiqatları flüid və kollektorların real xassələrinin tam nəzərə alınması ilə qaz-maye karbohidrogen sistemlərinin laylarında süzülmə prosesinin qaz-hidrodinamik modelləşdirilməsi üsullarının işlənilməsi, müxtəlif rejimlərdə və işlənilmə sistemlərində uçucu neftlərin qaz-kondensat, qaz-kondensat-neft yataqlarının işlənilməsinin kompleks layihə üsullarının yaradılması, həmçinin mürəkkəb lay proseslərinin xüsusiyyətlərinin öyrənilməsi istiqamətlərində aparılmışdır. F.Orucəliyev 180-dən artıq elmi məqalənin, 2 monoqrafiyanın, 5 ixtira şəhadətnaməsinin müəllifi olmuşdur. Alimin rəhbərliyi ilə 5 fəlsəfə doktoru hazırlanmışdır. F.Orucəliyev 1982-ci ildə «Azərbaycanın dəniz qaz-kondensat yataqlarının ehtiyatlarının qiymətləndirilməsi və işlənilməsinin layihə edilməsinin elmi üsullar kompleksinin işlənilməsi, istehsalata tətbiqi» işinə görə Azərbaycan Dövlət Mükafatı laureatı adına layiq görülmüş, «SSRİ ixtiraçısı» döş nişanı ilə təltif edilmişdir. AMEA-nın müxbir üzvü Faiq Orucəliyev 1997-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1934-1997) |