Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Məqsəd Məhəmmədəli oğlu Səttarov 1924-cü il may ayının 13-də Qazax rayonunda anadan olmuşdur.
M.Səttarov 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. M.Səttarov 1954-cü ildə fəlsəfə doktoru, 1964-cü ildə elmlər doktoru dissertasiyası müdafiə etmiş, 1968-ci ildə isə professor elmi adını almışdır. 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. M.Səttarov Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri və Azərbaycan EA Fəlsəfə kafedrasının müdiri vəzifələrində çalışmışdır. M.Səttarovun elmi fəaliyyəti əsasən, din və ateizm tarixi, nəzəriyyəsi, həmçinin ictimai şüurun inkişaf qanunauyğunluqları istiqamətlərini əhatə etmişdir. Azərbaycanın mənəvi-mədəni həyatında islamın yeri və rolu, Azərbaycanda ateist fikir kimi məsələləri, ictimai şüurun strukturu və onun ünsürlərinin qarşılıqlı təsiri, ictimai şüurun yeniləşdirilməsi və sağlamlaşdırılması yollarını araşdırmışdır. Onun redaktorluğu ilə çap olunan onlarca məcmuə və kitab öz aktuallığına, elmi-nəzəri səviyyəsinə görə fəlsəfə ictimaiyyətıi eləcə də geniş oxucu kütləsi tərəfindən yüksək qiymətləndirilmişdir. M.Səttarov 10 monoqrafiya, 4 kitab, 21 kitabça və 60-a yaxın məqalənin müəllifidir. Həmçinin, bir sıra elmi nəşrlərin redaksiya heyətinin üzvü olmuşdur. M.Səttarovun fəlsəfə üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur. 30-dan çox elmlər namizədi və elmlər doktoru onun rəhbərliyi altında dissertasiya müdafiə etmişdir. M.Səttarov müharibə və əmək veteranı kimi müxtəlif medal və fəxri fərmanlarla təltif edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Məqsəd Səttarov 2000-ci ildə Bakı şəhərində vəfat etmişdir. |
|
(1925-2000) |