Ə.Şıxlinski 1911-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1932-ci ildə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1933-cü ildə Leninqrad şəhərində (Sankt-Peterburq) Baş Geofizika Rəsədxanası nəzdində mütəxəssis-iqlimşünaslar hazırlayan ali kurslarda təhsil almışdır.
Ə.Şıxlinski 1947-ci ildə coğrafiya üzrə fəlsəfə doktoru, 1971-ci ildə coğrafiya üzrə elmlər doktoru elmi dərəcələrini, 1972-ci ildə isə professor elmi adını alaraq, elə həmin il Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü seçilmişdir. Ə.Şıxlinski əmək fəaliyyətinə Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsində mütəxəssis-iqlimşünas və iqlim şöbəsinin rəisi vəzifələrində çalışmaqla başlamışdır. Coğrafiya İnstitutu yarandığı gündən orada kiçik elmi işçi, baş elmi işçi, Fiziki coğrafiya və İqlimşünaslıq şöbələrinin rəhbəri, elmi işlər üzrə direktor müavini və direktor olmuş, direktorun məsləhətçisi vəzifəsində işləmişdir. Bir müddət Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetində kafedra müdiri və Coğrafiya fakültəsinin dekanı vəzifələrində çalışmışdır. Ə.Şıxlinskinin əsas elmi maraq dairəsi ümumi iqlimşünaslıq, Azərbaycan iqliminin təsnifatı, dağlıq ölkələrin radiasiya və istilik balansı, iqlimin modelləşdirilməsinin tədqiqi, dağlıq ölkələrdə iqlim xəritələrinin tərtibi metodikasının işlənilməsi olmuşdur. Azərbaycanın, Dağıstanın və Xəzər dənizinin iqliminə dair ilk məlumat kitabçaları məhz Ə.Şıxlinskinin iştirakı və rəhbərliyi ilə çap olunmuşdur. Alimin “Azərbaycan SSR-in iqlim təsviri” (S.K.Kopelioviçlə birlikdə, 1937), “Azərbaycan SSR-in atmosfer yağıntıları” (1949), “Azərbaycanın iqlimi” (1968), “Azərbaycan SSR-in istilik balansı” (1969) və başqa əsərləri mühüm əhəmiyyət kəsb edir. Onun “Azərbaycan SSR-in istilik balansı atlası” (1978) keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS-in) gümüş medalına layiq görülmüşdür. Ə.Şıxlinskinin elmi yaradıcılığı təkcə iqlimşünaslıqla bitmir. O, respublika ərazisinin fiziki-coğrafi rayonlaşdırılmasını vermiş (V.Q.Zavriyevlə birlikdə) və bunu “Azərbaycan SSR-in coğrafiya atlası”nda (1949) çap etdirmişdir. Ə.Şıxlinski «Sovet Azərbaycanı» (1958) fundamental əsərinin elmi rəhbəri, redaktoru və əsas müəlliflərindən biri olmuşdur. Azərbaycanın irimiqyaslı iqlim xəritəsi (1961, 1977, 1991) və torpaqşünaslarla birgə tərtib etdiyi eyni miqyaslı torpaq-iqlim xəritəsi (1955, 1970) onun nailiyyətləri sırasındadır. Ə.Şıxlinskinin rəhbərliyi ilə coğrafiya üzrə 25 fəlsəfə doktoru hazırlanmışdır. Ə.Şıxlinski Azərbaycan Dövlət Mükafatıına, Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, əməkdə və elmdə fərqləndiyinə, eləcə də Böyük Vətən müharibəsində göstərdiyi xidmətlərə görə dəfələrlə orden və medallarla təltif olunmuşdur. AMEA-nın müxbir üzvü Ənvər Şıxlinski 1992-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1911-1992) |