Nəriman Şirinov 1929-cü il noyabrın 7-də Tovuz şəhərində anadan olmuşdur. 1949-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olmuşdur. 1950-ci ildə Moskva Baytarlıq Akademiyasına köçürülərək təhsilini 1954-cü ildə başa vurmuşdur. Əmək fəaliyyətinə 1954-cü ildə Balakən rayonunda MTS-də böyük baytar həkimi kimi başlamışdır. Elmə olan həvəs onu tezliklə Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutuna gətirmişdir. 1955-ci ildən laborant, sonra isə Helmintologiya laboratoriyasında kiçik elmi işçi kimi çalışmışdır. 1970-ci ildən Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutuna direktor vəzifəsinə təyin olunaraq ömrünün sonunadək burada çalışmış, mütəxəssislərin yetişdirilməsində əvəzsiz xidmətləri olmuşdur. Rəhbərliyi dövründə institutda 11 elmlər doktoru, 62 elmlər namizədi hazırlanmış, 5000-dən çox elmi əsər, monoqrafiyalar çap edilmişdir. 1962-ci ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1974-cü ildə professor elmi adına layiq görülmüşdür.
Nəriman Şirinov 1981-ci ildə "Şərəf nişanı" ordeninə, 1990-cı ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüş, fəxri diplom və medallarla təltif edilmişdir. 2001-ci ildə AMEA-nın və Rusiya KTEA-nın müxbir üzvi seçilmişdir. Elmin inkişafında yüksək xidmətlərinə görə Ümumiittifaq KTEA-nın akademikləri K.J.Skryabin və N.S.Vişlevskinin 100 illiklərinə həsr edilmiş xatirə medalları ilə təltif edilmişdir. 1957-1960-ci illərdə Azərbaycan Respublikasında suda üzən quşların helmint və helmintozlarını öyrənərək helmintologiya elmini yeni tədqiqatlarla zənginləşdirmişdir. Azərbaycanda, o cümlədən keçmiş Sovetlər Birliyində yeni helmint növlərini qeydə almış və onlara qarşı müalicə-profilaktika tədbirlərini işləyib hazırlamışdır. SSRİ-də ilk dəfə olaraq neft tullantıları və neft-kimya sintezi məhsullarının baytarlıqda və heyvandarlıqda istifadə etməklə yeni bir məktəb yaratmışdır. 1962-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin Qərarı ilə Az.ETBİ-də Neft tullantıları, neft-kimya sintezi məhsullarından baytarlıqda istifadə etmək üçün yeni müalicə-profilaktika vasitələri axtaran laboratoriyanın təməlini qoyaraq ona uzun müddət rəhbərlik etmişdir. Aparılmış tədqiqatlar nəticəsində "Efiran-3", "Efiran-777", "Efiran-197", "N-12", "B" və bioloji stimulyator "Azolyat-A" preparatları dövlət qeydiyyatından keçərək müəlliflik şəhadətnaməsi almışdır. Nəriman Şirinov 6 müəlliflik şəhadətnaməsi, 200 elmi əsərin, 2 monoqrafiyanın, 3 kitabın, 4 kitabçanın müəllifidir. Əsərləri bir çox xarici ölkə nəşriyyatlarında (Polşa, Bolqarıstan, Macarıstan, Sovetler Birliyi ölkələrində) dərc edilmişdir. Bir çox beynəlxalq konqreslərdə, elmi konfranslarda, simpozium və sessiyalarda Azərbaycanı təmsil etmişdir. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Baytarlıq Komitəsində kollegiyanın, elmi-texniki şuranın üzvü, 2000-2004-cü illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində texniki şuranın, "Aqrar elm" jurnalının redaksiya heyətinin, AMEA-nın Zoologiya İnstitutunun nəzdində namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmək üçün ixtisaslaşdırılmış şuranın üzvü olmuşdur. AMEA-nın müxbir üzvü Nəriman Şirinov 2006-cı il iyul ayının 26-da Bakıda vəfat etmişdir. |
|
(1929-2006) |