Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əbdülqafur Əminulla oğlu Zərgərov 1929-cu ildə Bakıda anadan olmuşdur. Moskvada Şərqşünaslıq İnstitutunun iqtisad yönümlü ölkəşünaslıq ixtisası üzrə Yaxın Şərq fakültəsini bitirən Ə.Zərgərov bir müddət Azərbaycan SSR Nazirlər Sovetində elmi müəssisələr və ali məktəblər qrupunda məsləhətçi işlədikdən sonra SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda aspiranturada oxumuşdur. Moskvada iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi adını almaq üçün dissertasiya müdafiə etdikdən sonra Bakıya qayıtmış, uzun müddət Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır.
Ə.Zərgərovun rəhbərliyi ilə 70-ci illərdə hazırlanan statistik məcmuələr XX əsrdə Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişaf dinamikasını öyrənmək üçün gərəkli bir vasitə olaraq qalır. O, Azərbaycanda ictimai elmlər sahəsində elmi informasiya mərkəzinin yaradıcısıdır. Bu mərkəzdə filosof, şərqşünas, tarixçi, iqtisadçı, hüquqşünas və s. tədqiqatçılar üçün çox məzmunlu, vacib informasiyalardan istifadə etmək şəraiti yaranmışdı. Alimlərimiz dünyada baş verən qlobal proseslərlə tanış olmaq, onları ümumiləşdirmək, milli dövlət mənafeləri baxımından qiymətləndirmək imkanı da əldə etmişdilər. Ə.Zərgərovun təşəbbüsü nəticəsində 1992-ci ilin yazında Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutu yaradılmışdır. Ə.Zərgərovun “İslam iqtisadiyyatı” adlı monoqrafiyası onun iqtisad elminə ən layiqli töhfələrindən biri kimi qiymətləndirilir. “İslamın torpağa və ondan istifadə edilməsinə münasibəti”, “İslamın sərvətə və mülkiyyətə münasibəti”, “Əməyə və əməkhaqqına dair İslam konsepsiyası”, “İslamın iqtisadi doktrinası”, “Müsəlman ölkələrinin iqtisadi inteqrasiyası” və s. silsilə yazıları bu gün də olduqca dəyərli əsərlər sayılır. Ə.Zərgərov İslamın iqtisadi doktrinasını bilməyi çox əhəmiyyətli sayırdı. O, göstərirdi ki, son illərdə İslamın iqtisadi doktrinası “İslam iqtisadiyyatı” adlanan yeni modelin əsası kimi dünya ictimaiyyətində maraq doğurmuşdur. İslamın iqtisadi konsepsiyası İslam sistemi hüdudları daxilində əsaslandırılmış və dərk edilmiş azad fəaliyyət qaydalarının məcmusudur. Ə.Zərgərov ömrünün son illərində Azərbaycan Milli Elmlər Akademiyası İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra etmişdir. AMEA-nın müxbir üzvü Əbdülqafur Zərgərov 1999-cu ildə Bakı şəhərində vəfat etmişdir. |
|
(1929-1999) |