Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Abbasov Zöhhak Yaqub oğlu
Zöhhak Abbasov 1939-cu il aprelin 10-da Goranboy rayonunun Sarov kəndində anadan olmuşdu. O, 1956-cı ildə Gəncə Neft Texnikumunu, 1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) dağ mühəndis ixtisası üzrə bitirmişdi.

1973-cü ildə texnika elmləri namizədi və 1989-cu ildə elmlər doktoru elmi dərəcələrini almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdi.

Z.Abbasov 1961-1965-ci illərdə Qazaxıstanda “Xəzəryanı geoloji-kəşfiyyat ekspedisiyasında” operator, dərin qazma üzrə böyük geoloq, 1965-ci ildə qazma idarəsinin baş geoloqu, 1965-1975-ci illərdə “Qaradağneft” Neftqazçıxarma İdarəsinin nəzdində Elmi-Tədqiqat İstehsalat İşləri Sexinin elmi-tədqiqat laboratoriyasında mühəndis, baş mühəndis və bu müəssisənin direktoru vəzifələrində çalışmışdı.

O, 1969-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunun aspirantı olmuşdu. 1975-ci ildən başlayaraq həmin qurumda böyük elmi işçi, Neft-qaz hasilatı texnikası şöbəsinin müdiri və 1995-2003-cü illərdə isə institutun elmi işlər üzrə direktor müavini işləmişdi. 2003-cü ildən AMEA-nın Geologiya İnstitutunda Neft-qaz hasilatı texnologiyası şöbəsinin müdiri, 2016-2017-ci illərdə isə Neft və Qaz İnstitutunda Qaz-kondensat sistemlərində faza keçidləri və böhran halları şöbəsinin müdiri idi. 

Z.Abbasovun fəaliyyətinin əsas elmi istiqamətləri qazkondensat qarışığının yüksək təzyiq və temperatur şəraitində faza vəziyyətinin eksperimental və analitik öyrənilməsi, onların əsasında lay və quyuların göstəricilərini hesablamaq üçün yeni metodiki yanaşmaların işlənib hazırlanması, qazkondensat quyularının məhsuldarlığını artırmaq məqsədilə onların quyuətrafı zonasının müxtəlif qazlarla işlənilməsi, məsaməli mühitin kollektorların və onları doyduran flüidlərin xassələrini nəzərə almaqla retroqrad proseslərinin mexanizminin öyrənilməsi və s. təşkil edirdi.

Tanınmış neftçi 162 elmi işin, o cümlədən 3 monoqrafiya, ixtiralara görə 5 müəlliflik şəhadətnaməsi, 4 Azərbaycan  və 1 Rusiya patentinin, 3 metodiki tövsiyənin müəllifi idi. Onun rəhbərliyi ilə 8 elmlər namizədi yetişdirilmişdi.

Alim 1997-ci ildən indiyədək ABŞ-ın Neftçi-Mühəndislər Cəmiyyətinin üzvü idi. Cəmiyyətin Azərbaycan bölməsinin yaradıcılarından biri olan Z.Abbasov 1997-1998-ci illərdə bu təşkilatın vitse-prezidenti vəzifəsində çalışmışdı. O, respublika qrant layihələrinin rəhbəri və iştirakçısı idi.

AMEA-nın müxbir üzvü Z.Abbasovun elmi fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmiş, o, “Əmək veteranı”, “SSRİ ixtiraçısı”, “Tərəqqi” medalları ilə təltif olunmuşdu.

Tanınmış neftçi alim, AMEA-nın müxbir üzvü Zöhhak Yaqub oğlu Abbasov 2019-cu il martın 1-də ömrünün 80-ci ilində vəfat edib.

(1939-2019)