Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Musayev Əlişir Veys oğlu

Əlişir Musayev 1949-cu ildə Gürcüstanın Başkeçid rayonunun Qızılkilsə kəndində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1972-ci ildə ali məktəbi bitirdikdən sonra o, ixtisası nəzərə alınaraq alay tibb məntəqəsinin rəisi təyin edilmişdir.

Alim 1974-cü ildə Moskva şəhərində Ümumittifaq Mərkəzi Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitutunda “sinir xəstəlikləri” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1978-ci ildə "Bel osteoxondrozununı nevroloji təzahürləri olan və o cümlədən, disk yırtığı səbəbindən əməliyyat keçirmiş xəstələrdə müxtəlif qatılıqlı radon vannalarının sinir-əzələ aparatına təsiri" mövzusunda namizədlik, 1987-ci ildə "Sinir sisteminin müxtəlif səviyyəli zədələnmələri olan xəstələrdə müalicəvi fiziki amillərin tətbiq edilməsinin kliniki neyrofizioloji əsasları" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1999-cu ildə  Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə Ə.Musayev kurortologiya və fizioterapiya üzrə professor elmi adına layiq görülmüş, 2017-ci ildə “tibb” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.

O, 1978-ci ildə Azərbaycan Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitutunda kiçik elmi işçi, daha sonra isə baş elmi işçi vəzifələrində çalışmışdır. 1988-ci ildə Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunda elmi işlər üzrə direktor müavini, 1993-cü ildə isə direktor vəzifəsinə təyin edilmişdir. Alim 1994-cü ildən Azərbaycan Tibb Universitetinin Fizioterapiya və kurortologiya kursuna, 2011-ci ildən Fizioterapiya və idman təbabəti kafedrasına rəhbərlik etmişdir.

Professor Ə.Musayevin elmi fəaliyyətinin əsas istiqamətləri sinir sisteminin müxtəlif xəstəlikləri zamanı fiziki amillərin orqanizmə müalicəvi təsirinin neyrofizioloji əsaslarının öyrənilməsinə həsr olunmuşdur. Onun rəhbərliyi altında yerinə yetirilmiş nevrologiya və kurortologiyanın ən aktual problemlərinin həllinə yönəldilmiş elmi işlərin nəticələri əsasında mərkəzi və periferik sinir sistemi xəstəliklərinin yeni müalicə üsulları yaradılmış və reabilitasiya proqramı işlənib hazırlanmışdır. 

Alim baş və onurğa beyinin damar patologiyalarının fiziki amillərlə yeni müalicə üsullarının və reabilitasiya prinsiplərinin ən aktual problemlərinin həllinə yönələn və beynəlxalq səviyyədə qəbul edilən elmi işlərin müəllifi idi. O, bu patologiyalar zamanı orqanizmin pozulmuş hərəki funksiyalarının bərpa mexanizmlərini aktivləşdirmək üçün obyektiv neyrofizioloji tədqiqatlara əsaslanan elmi konsepsiya irəli sürmüşdür.

Ə.Musayevin rəhbərliyi altında Rusiya Elmlər Akademiyası və AMEA-nın institutları ilə birgə ölkəmizin təbii müalicəvi amillərinin, xüsusilə Naftalan neftinin, müalicəvi palçıqların, mineral suların öyrənilməsinə yönəldilmiş genişmiqyaslı tədqiqatlar  aparılmışdır. Alimin rəhbərlik etdiyi institutun əməkdaşları Naftalan nefti əsasında yeni müalicə preparatı - Naftalan dimeksid emulsiyasını (Avrasiya patenti) yaratmışdırlar.

O, Rusiya, Türkiyə, Çin, Avstriya, İspaniya, İsrail, Böyük Britaniya, Fransada və digər ölkələrdə keçirilən konqres və simpoziumlarda fiziki təbabət, reabilitasiya və nevrologiya mövzularına dair məruzələr etmiş, Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Alim Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, Gürcüstan Profilaktik Təbabət və Ekologiya Akademiyasının həqiqi üzvü, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, Türk Dünyası Elmlər Akademiyasının akademiki, Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Ümumdünya və Avropa Nevroloqlar Assosasiyalarının üzvü idi.

Onun elmi araşdırmalarının nəticələri 500-ə yaxın elmi əsərdə, o cümlədən 2 monoqrafiya, sinir sisteminin yeni müalicə və reabilitasiya üsullarını təklif edən 13 ixtira və patentdə, 8 səmərələşdirici təklifdə, təbabətdə tətbiq olunan 15 metodik tövsiyəsində öz əksini tapmışdır. Ə.Musayev "Ümumi fizioterapiya" dərsliyinin və Türkiyədə həkimlər üçün nəşr olunmuş "Manual terapiya" tədris vəsaitinin müəllifi idi. Həmçinin Azərbaycan Milli Ensiklopediyasında "Kurortologiya" bölməsinin müəllifi idi.

Əlişir Musayev 1993-2006-cı illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nevropotoloqu olmuş, nevrologiya üzrə həkimlərin Attestasiya Komissiyasına sədrlik etmişdir.

Alimin rəhbərliyi altında hazırlanmış kurortların inkişaf konsepsiyasının əsas müddəaları Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2018-ci illərdə kurortların inkişafı Dövlət Proqramı"na daxil edilmişdir.

O, 2001-ci ildə Amerika Bioqrafiya Tədqiqatlar Mərkəzinin "Qold Rekord" medalı, 2008-ci ildə Türk Dünyası Elmləri Akademiyasının "Qızıl medalı", 2009-cu ildə BMT-nin İctimai Təltiflər Şurasının 1-ci dərəcəli "Hippokrat" ordeni, bundan başqa, AMEA-nın Fəxri fərmanı, Səhiyyə Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşdur.

Ə.Musayevin zəngin elmi-pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmiş və o, Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, “Tərəqqi” medalı və 3- cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.

AMEA-nın müxbir üzvü Əlişir Musayev 2020-ci il aprelin 27-də 70 yaşında vəfat edib. 

(1949-2020)