Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Əsədov Ziyafəddin Həmid oğlu

Ziyafəddin Əsədov 1950-ci il iyulun 19-da Bakı şəhərində anadan olmuşdur. O, 1967-ci ildə Bakı şəhərindəki 39 saylı orta məktəbi gümüş medalla bitirmiş və həmin il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiya fakültəsinə qəbul olmuşdur. 1972-ci ildə ali təhsilini başa vuran alim təyinatla Azərbaycan Elmlər Akademiyası Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda işə başlamışdır.

O, 1973-1976-cı illərdə SSRİ EA A.V.Topçiyev adına Neft-Kimya Sintezi İnstitutunda aspirantura təhsili keçmiş, 1979-cu namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Z.Əsədov 2003-cü ildə professor elmi adını almış, 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir.

Alim 1976-2002-ci illərdə Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmış, 2002-ci ildə yeni yaradılmış Səthi-aktiv reagentlər və preparatlar laboratoriyasına müdir təyin olunmuşdur. 

Onun əsas elmi fəaliyyət istiqamətləri neft sənayesində tətbiqi nəzərdə tutulmuş yeni yüksək səmərəli səthi-aktiv maddələrin, o cümlədən oliqomer və polimer təbiətli reagentlərin sintezi və tədqiqi olmuşdur. Z.Əsədovun rəhbərliyi altında bir neçə qiymətli tətbiqi xassələrə malik olan yeraltı laylardan nefti sıxışdırıb çıxaran, neft və qaz quyularının qazılması zamanı qazma məhlullarının fiziki-mexaniki göstəricilərini stabilləşdirən reagentlər, eləcə də su hövzələri səthindən ekoloji zərərli nazik neft təbəqələrini kənar edən neftyığıcı və dispersləyici birləşmələr, benzinin statik saxlanma zamanı buxarlanma itkilərini azaldan SAM-lar alınmış və tədqiq edilmişdir. 

Kimyaçı alim 475 elmi əsərin, o cümlədən 10 monoqrafiya və dərs vəsaiti (kitablardan 4-ü ingilis dilindədir), 10 ixtira, 150-dən artıq xaricdə dərc olunmuş məqalənin müəllifi idi. Onun elmi rəhbərliyi ilə 6 elmlər doktoru və 4 fəlsəfə doktoru dissertasiyaları müdafiə olunmuşdur.

Z.Əsədov pedaqoji fəaliyyətlə də məşğul olmuş, 1993-2014-cü illərdə “Xəzər” Univeristetində, 2006-2010-cu illərdə Bakı Dövlət Universitetində professor kimi mühazirələr oxumuşdur. 2013-cü ildən Bakı Ali Neft Məktəbində əvəzçiliklə professor vəzifəsində ingilis dilində mühazirə dərsləri aparmışdır.

O, 1998-ci ildən Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Kimya elmləri üzrə ekspert şurasının üzvü, elmi katibi və sədri olmuş, 2020-ci ildən isə şözügedən şuranın sədr müavini kimi fəaliyyət göstərmişdir.

Alim 2002-ci ildə Amerika Bioqrafiya İnstitutunun qızıl medalına, 2004-cü ildə Kembric (Böyük Britaniya) Beynəlxalq Bioqrafiya Mərkəzinin gümüş medalına, 2009-cu ildə Azərbaycan Respublikasının “Tərəqqi” medalına layiq görülmüşdür.

Z.Əsədov 2010-cu ildə AMEA Rəyasət Heyətinin Fəxri fərmanı, 2015-ci ildə AMEA Kimya Elmləri Bölməsinin Fəxri fərmanı, 2002-ci ildə “Xəzər” Universitetinin, 2018-ci ildə isə Bakı Ali Neft Məktəbinin Fəxri fərmanları ilə təltif olunmuş, 2014-cü ildə AMEA-nın Nizami Gəncəvi adına medalına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Ziyafəddin Həmid oğlu Əsədov iyunun 18-də 70 yaşında vəfat edib.

 (1950-2020)