Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Tofiq İsmayıl oğlu Hacıyev 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. Soltanlı kənd orta məktəbini bitirdikdən sonra 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Filologiya fakültəsinə qəbul olunmuşdur. 1958-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirərək Dilçilik ixtisası üzrə aspiranturaya qəbul edilmişdir. 1962-ci ildə «Azərbaycan dilinin Cəbrayıl şivəsi» mövzusunda namizədlik, 1969-cu ildə «XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.
T.Hacıyevin «Sabir: qaynaqlar və sələflər», «Şeirimiz, nəsrimiz, ədəbi dilimiz», «Dədə Qorqud: dilimiz, düşüncəmiz» kitabları elmi ictimaiyyətin rəğbətlə qarşıladığı əsərlərdir. O, «Azərbaycan sovet ədəbiyyatı» dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak etmişdir. «Аzərbaycan ədəbi dili tarixi» dərsliyinin, «Azərbaycan ədəbi dili tarixi», «XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili tarixi», «Azərbaycan dili tarixi», «Azərbaycan dili» kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifidir. Alimin klassiklərimizin dili və üslubu ilə bağlı onlarca məqaləsi, «Satira dili», «Yazıçı dili və ideya-bədii təhlil», «Molla Nəsrəddin»in dili və üslubu», «Füzuli: dil sənətkarlığı» kitabları çap olunmuşdur. Orta məktəblər üçün "Türk dili" (IX siniflər üçün), "Türk dili" (X-XI siniflər üçün) dərslikləri nəşr edilmişdir. Ümumiyyətlə, 20 kitabın, 400-dən çox elmi məqalənin müəllifidir. T.Hacıyev kadr hazırlığı sahəsində də çox iş görmüş, dil tarixi, dialektologiya üzrə respublikamız və başqa türk xalqları üçün xeyli sayda elmi işçi yetişdirmişdir. Kişinyov, Almatı, Düşənbə, Bişkek, Nukus, Nalçik və başqa şəhərlərdə elmi konfrans və simpoziumlarda dil tarixi və dialektologiyanın aktual mövzularında məruzələr etmişdir. Onun elmi yaradıcılığında «Kitabi-Dədə Qorqud» dastanı ilə bağlı tədqiqatlar mühüm yer tutur. Akademik T. Hacıyev 2014-2015-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır. T.Hacıyev 27 noyabr 2015-ci ildə vəfat etmişdir. |
|
(1936-2015) |