Hacıyev Akif Cəfər Xəndan oğlu 1937-ci il dekabrın 8-də Bakı şəhərində, görkəmli tənqidçi, ədəbiyyatşünas alim, professor Cəfər Xəndanın ailəsində anadan olmuşdur. 1960-cı ildəAzərbaycan Dövlət Universitetini (indiki BDU) bitirmiş, 1964-cü ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1982-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru (SSRİ EA-nın V.A.Steklov adına Riyaziyyat İnstitutu, Moskva şəhəri) elmi dərəcəsini, 1985-ci ildə professor elmi adını almış, 1989-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.
1960-1992-ci illərdə Azərbaycan SSR EA Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi katib, şöbə müdiri, Ankara Universitetinin dəvətli professoru (1992-1999), AMEA RMİ-nin şöbə müdiri (1999-2001), direktoru (2004-2013) olmuşdur. 2001-ci ildə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi seçilmişdir. 2013-cü ildə AMEA-nın vitse-prezidenti seçilmiş və eyni zamanda, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifəsində fəaliyyətini davam etdirmişdir. 1999-cu ildən Azərbaycan Milli Aviasiya Akademiyasının Riyaziyyat və Mexanika kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının riyaziyyat və mexanika üzrə ekspert şurasının sədri (2002-2005), 2010-cu ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin prezidenti olmuşdur. O, AMEA RMİ-nin nəzdində Doktorluq Dissertasiya şurasının sədri, “Transactions of NASA” (riyaziyyat və mexanika seriyası) və “Azerbaijan journal of Mathematics” jurnallarıının baş redaktoru, “Механика машин, механизмов и материалов” (Minsk ş. Belarusiya) jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Beynəlxalq Mühəndislik Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının, Azərbaycan Mühəndislik Akademiyasının və Azərbaycan Ekoenergetika Akademiyasının həqiqi üzvü olmuşdur. A.Hacıyev qeyri-məhdud oblastlarda bir və çoxdəyişənli funksiyaların xətti müsbət operatorları ardıcıllıqlar ilə çəkili fəzalarda yaxınlaşması nəzəriyyəsini qurmuş, analitik funksiyalar fəzalarında xətti k-müsbət operator anlayışı vermiş və bu operatorların müxtəlif oblastlarda analitik funksiyaların yaxınlaşmasında mühüm rolunu göstərmişdir. O, çoxölçülü sinqulyar inteqralların simvollarının hamarlıq nəzəriyyəsini yaratmış, onun Furye multiplikatorları nəzəriyyəsində tətbiqini öyrənmiş, çoxdəyişənli tam funksiyaların indikator diaqramları vasitəsilə Bernşteyn tipli bərabərsizlikləri isbat etmişdir. Harmonik analizin mühüm operatorları sayılan Riss və Bessel potensiallarının kritik nöqtələrdə approksimativ xassələrini tədqiq etmişdir. Onlar üçün ikiçəkili bərabərsizliklər isbat etmişdir. A.Hacıyev 100 dən çox elmi əsərin və 4 monoqrafiyanın müəllifidir. Rəhbərliyi altında riyaziyyat üzrə 27 fəlsəfə və 1 elmlər doktoru hazırlanmışdır. “Rəşadətli əməyə görə” medalı (1981), “Əmək veteranı” medalı (1987), “Şöhrət” ordeni (2004) ilə təltif olunmuşdur. 2005-ci ildə Əməkdar elm xadimi, 2006-cı ildə Universal peace Federation and İnterrelations and İnternational Federation for World peace tərəfindən Ambassador for peace (sülh səfiri) adı verilmişdir. Akademik Akif Hacıyev 2015-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1938-2015)
|