Sadıxov Kamil İsmayıl oğlu 1927-ci il fevralın 27-də Şimali Osetiya Muxtar Respublikasının Orconikidze şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirmişdir (1949).
K.Sadıxov kimya üzrə fəlsəfə doktoru (1957) və texnika üzrə elmlər doktoru (1968) elmi dərəcəsini, professor (1969) elmi adını almışdır, AEA-nın müxbir üzvü (1980), həqiqi üzvü (2001) seçilmişdir. K.Sadıxov AzETNI-də elmi fəaliyyətə başlamış (1948), sonralar onun əsasında yaradılmış AEA Neft-Kimya Prosesləri İnstitutunda (1959-1962), 1962-ci ildən isə Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda işləmişdir. K.Sadıxov neft kimyası sahəsində görkəmli alimlərdən biri, keçmiş Sovetlər İttifaqında aşqarlar sahəsində yeganə ixtisaslaşmış institut – Aşqarlar Kimyası İnstitutunun əsasını qoyanlardandır. Elmi yaradıcılıq fəaliyyəti neft kimyasının bir sıra fundamental və mühüm təcrübi məsələlərinə – motor yağları və yağlayıcı-soyuducu mayelərə (YSM) yüksək təsirli aşqarların sintezi, tədqiqi, istehsal texnologiyasının işlənib hazırlanması, onların əsasında yüksək keyfiyyətli sürtkü kompozisiyalarının və YSM-in tərtibi və sənayedə tətbiqinə həsr edilmişdir. Yüksək təsirli neft sulfonatlarının sintezində xammalın seçilməsinin K.Sadıxov tərəfindən işlənib hazırlanmış elmi əsasları bu sahədə məqsədyönlü sintezlər aparmağa, bir sıra yüksək təsirli sulfonat aşqarlarının alınma texnologiyasının işlənib hazırlanması və sənayedə tətbiqinə imkan vermişdir. Sulfonat aşqarların kimyəvi quruluşları ilə təsirlikləri arasında asılılıq K.Sadıxov tərəfindən müəyyən edilmişdir. K.Sadıxov 400-dən çox elmi əsərin, o cümlədən 4 kitabın, 100-dən çox müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. K.Sadıxov respublikamızın elmi tədqiqat və sahə institutlarında, ali məktəblərində müvəffəqiyyətlə çalışan 19 fəlsəfə doktoru və 4 elmlər doktoru yetişdirmişdir. K.Sadıxov məhsuldar elmi fəaliyyəti ilə yanaşı, böyük ictimai işlərlə də məşğul olmuşdur. «Neft kimyası və neft emalı» Koordinasiya Şurasının, doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış elmi şuraların üzvü, Azərbaycan Elmlər Akademiyasının Kimya Bölməsinin büro üzvü, dəfələrlə Bakı Dövlət Universitetində və Neft Akademiyasında Dövlət buraxılış imtahan komissiyalarının sədri olmuşdur. K.Sadıxov «Şöhrət» və «Şərəf Nişanı» ordenləri, «SSRİ İxtiraçısı» və «Əmək Veteranı» medalları ilə təltif olunmuş, Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. K.Sadıxov 8 iyul 2016-cı ildə vəfat etmişdir. |
|
(1927-2016)
|