M.Əliyev 1908-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. 1931-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Dağ-mədən fakültəsini bitirmişdir.
M.Əliyev 1936-cı ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1957-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini, 1957-ci ildə professor elmi adını almışdır. 1950-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) həqiqi üzvü seçilmişdir. Hələ aspiranturada oxuduğu zaman (1935-1937) Zaqafqaziya Geoloji Tresti filialının rəisi, 1938-ci ildə təsis olunmuş Azərbaycan Geoloji İdarəsinin rəisi vəzifəsində calışmışdır. M.Əliyevin rəhbərliyi ilə respublikada filiz və qeyri-filiz faydalı qazıntılarının axtarışından başqa, Azərbaycanın çay hövzələrində qızılın səpinti halında toplantıları da aşkar edilmişdir. Təşkilatçılıq istedadı ona elmi, pedaqoji və ictimai fəaliyyətinin uğurla əlaqələndirilməsinə imkan vermişdir. 1936-1941-ci illərdə Azərbaycan Sənaye İnstitutunda ardıcıl olaraq dosent, neft fakültəsinin dekanı və institutun rektoru vəzifələrində işləmiş, 1941-1942-ci illərdə keçmiş SSRİ-nin Neft Nazirliyinin nəzdində baş tədris idarəsinin rəisi vəzifəsinə təyin edilmiş, eyni zamanda Moskva Neft İnstitutunda pedaqoji fəaliyyət göstərmişdir. Böyük Vətən müharibəsi illərində ölkə sənayesi üçün mühəndis-texnik kadrlarının hazırlanmasını davam etdirmək məqsədilə Moskva və Qroznı Neft İnstitutlarının evakuasiyasını təşkil etmişdir. 1943-1949-cu illərdə Azərbaycanda partiya və hökumət orqanlarında fəaliyyət göstərmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye üzrə katibi, Azərbaycan Nazirlər Soveti sədrinin müavini və Dövlət Plan Komitəsinin sədri, SSRİ Ali Sovetinin II, III və IV çağırışlarının deputatı olmuşdur. Alimin əsas uğurlarından biri onun rəhbərliyilə 1949-cu ildə Xəzər dənizinin akvatoriyasında neft və qazın geoloji axtarışı və istismarına dair layihə əsasında ilk dəfə neft sənayesində dənizdə böyük bir yataq (“Neft Daşları”) açılmışdır. 1950-ci ildə AEA-nın prezidenti (1950-1958) seçilmişdir. Onun prezident olduğu zaman AEA-nın inkişafının istiqamətləndirilməsində, yeni elmi-tədqiqat institutlarının, bölmə və şöbələrin yaradılmasında, elmin ən perspektivli sahələrinin Azərbaycanda təşkil edilməsində, çoxsaylı xəritələrin və monoqrafiyaların çapdan çıxmasında mühüm xidmətləri olmuşdur (Şamaxı Astrofizika Rəsədxanasının açılması haqqında hökumət qarşısında vəsatət qaldırılması da M.Əliyevə məxsusdur). M.Əliyevin elmi fəaliyyəti paleontologiya və stratiqrafiya ilə bağlı idi. O, Azərbaycanda Mezozoy üzrə paleontoloq və stratiqrafların elmi məktəbinin banisi idi. 1958-ci ildən M.Əliyevin elmi fəaliyyətinin yeni dövrü (Moskva ş.) başlamışdır. SSRİ Elmlər Akademiyasının prezidenti A.Nesmeyanovun təklifi ilə Moskvaya yeni təşkil olunmuş Yanar Qazıntı Yataqlarının Geologiyası və İşlənilməsi İnstitutuna elmi işlər üzrə direktor müavini vəzifəsinə dəvət olunaraq ömrünün sonuna kimi (1985) bu institutda çalışmışdır. M.Əliyevin Moskvadakı elmi fəaliyyəti Zaqafqaziyadan başlayaraq Qərbi Sibir, Volqa-Ural, Orta Asiyanın neftli-qazlı əyalətlərini əhatə edirdi. 1967-1971-ci illərdə Sovet-Əlcəzair neft-qaz kontraktına rəhbərlik etmişdir. Əlcəzairin Tinduf və Xassi Braxim neft-qaz yataqlarının açılması M.Əliyevin adı ilə bağlıdır. M.Əliyevin çoxillik məhsuldar elmi-təşkilati, pedaqoji və ictimai fəaliyyəti hökumət tərəfindən yüksək qiymətləndirilmişdir. “Lenin”, iki dəfə “Qırmızı Əmək Bayrağı” və Şərəf nişanı” ordenləri, bir neçə medal və fəxri fərmanlara layiq görülmüşdür. “SSRİ neftqazçıxarma sənayesinin əlaçısı” döş nişanı və “Fəxri neftçi” adını almışdır. Alimin adı neft sənayesində çoxillik səmərəli elmi fəaliyyətinə görə SSRİ Neft Sənayesinin “Fəxri Kitabına” daxil edilmişdir. Onun rəhbərliyilə 60-dan artıq elmlər doktoru və fəlsəfə doktoru yetişdirilmişdir. M.Əliyev geologiya, paleontologiya və stratiqrafiyanın müxtəlif problemlərinə aid 350-yə yaxın elmi əsərin müəllifidir. Akademik Musa Əliyev 1985-ci ildə Moskvada vəfat etmiş, Bakıda dəfn olunmuşdur. 2008-ci il YUNESKO-nun baş konfransının 34-cü sessiyasında M.Əliyevin 100 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. 2009-cu il noyabrın 17-də onun yubileyi Parisdə YUNESKO-nun binasında təntənəli şəraitdə keçirilmişdir ki, bu da onun çoxşaxəli elmi yaradıcılığının beynəlxalq səviyyədə təsdiqi idi. |
|
(1908-1985)
|