Abdullayev Həsən Məmmədbağır oğlu 1918-ci il avqustun 20-də Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. 1941-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1948-ci ildə fizika üzrə fəlsəfə doktoru, 1954-cü ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1957-ci ildə professor elmi adını almış, 1955-ci ildə AEA-nın müxbir üzvü, 1967-ci ildə həqiqi üzvü, 1970-ci ildə SSRİ EA-nın müxbir üzvü seçilmişdir.
Ordubad Pedaqoji məktəbində müəllim (1941-1943), 1944-cü ildən AEA Fizika İnstitutunda aspirant, elmi işçi, direktor müavini, 1957-ci ildən ömrünün axırınadək direktor olmuşdur. 1968-1970-ci illərdə AEA FRTE Bölməsinin akademik-katibi, AEA Prezidenti (1970-1983) vəzifələrində çalışmışdır. H.Abdullayev Azərbaycanda müasir fizikanın, xüsusilə, yarımkeçiricilər fizikası və texnikasının əsasını qoymuş, hərtərəfli inkişaf etdirmiş, yüksək səviyyəli fiziklər kollektivi yaratmışdır. Selen, tellur,onların bir sıra mürəkkəb birləşmələrinin kristallarının alınması və ətraflı tədqiqi, selen düzləndiricilərində bağlayıcı təbəqənin əmələ gəlməsinin, elektroformovka və onun pozulması prosesinin fiziki təbiəti ilk dəfə onun tərəfindən müəyyənləşdirilmisdir. Ona görə də AEA Fizika İnstitutu 1957-ci ildə keçmiş ittifaqda selen və tellurrun tədqiqi və onların əsasında cihazların yaradılması üzrə baş elmi mərkəz kimi təsdiq edilmişdir. Rəhbərliyi altında laylı kristal quruluşlu yeni yarımkeçirici materiallar alınaraq onların elektron, fonon spektri, bu spektrlərlə kristal quruluşu arasında əlaqə müəyyənləşdirilmiş, onlarda stimullaşdırılmış şüalanma, bərk cisim fizikasında yeni obyekt olan elektron – deşik mayesi, ikiölçülü elektron qazının mövcudluğunu sübut edən Holl müqavimətinin kvantlanması aşkar edilmişdir. Üçqat laylı birləşmələr əsasında yeni seqnetoelektrik yarımkeçirici materiallar sinfi kəşf edilmiş, neytronoqrafik tədqiqatlarla onlarda nisbətsiz fazaların mövcudluğu göstərilmişdir. İlk dəfə olaraq görmə prosesində selenin iştirakı haqda mülahizə irəli sürmüş və bu mülahizəni təsdiq edən tədqiqatlar aparmışdır. Elmin böyük təşkilatçısı kimi nüfuz qazanmışdır. H.Abdullayev 13 monoqrafiyanın (o cümlədən xaricdə dərc olunan), 500-dən artıq elmi məqalənin, 40-dan çox ixtiranın (o cümlədən ABŞ və Fransa Patentinin) müəllifidir. Rəhbərliyi altında 100-dən artıq fəlsəfə doktoru və 20 elmlər doktoru yetişdirilmişdir. H.Abdullayevin təşəbbüsü ilə 1956-cı ildə ADU-da yarımkeçiricilər fizikası kafedrası yaradılmışdır. O, SSRİ EA Rəyasət Heyəti yanında “Yarımkeçiricilər fizikası və kimyası” Elmi Şurasının üzvü, respublika “Fizika Problemləri” Elmi Şurasının və “Bilik” Cəmiyyəti İdarə Heyətinin sədri, elm və texnika sahəsində Azərbaycan Respublikası Dövlət mükafatları Komitəsinin sədri olmuşdur. SSRİ Ali Sovetinin (8-11 çağırış) deputatı olmuşdur. Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi fəxri adlarına layiq görülmüşdür. H.Abdullayev “Qırmızı Əmək Bayrağı” və “Lenin” ordenləri, “Rəşadətli əməyə görə” medalı, SSRİ EA S.İ.Vavilov adına qızıl medal, Leypsiq yarmarkasının (ADR) böyük qızıl medalı və s. ilə təltif edilmişdir. Akademik H.Abdullayev 1993-cü il sentyabrın 1-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. |
|
(1918-1993) |