Ə.Məmmədov 1931-ci il noyabrın 1-də Qax rayonunun İlisu kəndində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geoloji coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Ə.Məmmədov 1956-cı ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1978-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini, 1988-ci ildə professor elmi adını almışdır. 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir. Ə.Məmmədov əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının (AEA) Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) kiçik elmi işçi vəzifəsində başlamış, AEA Neft Ekspedisiyasında işləmiş, 1971-2003-ci illərdə AMEA Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinə rəhbərlik etmişdir. Ə.Məmmədov Azərbaycanın neftli-qazlı çöküntü komplekslərinin geotektonik və paleocoğrafi toplanma şəraitlərini və tektonik quruluşunu tədqiq etmiş, Kür çökəkliyinin səth və dərinlik quruluşunu müəyyən etmiş, Orta Kür çökəkliyində neft-qaz axtarışının elmi əsaslarını vermiş, Xəzər dənizinin Mezozoy və Kaynozoy eralarındakı inkişaf tarixini bərpa etmiş, həmçinin Azərbaycanın və Xəzər bölgəsinin Dördüncü Dövr çöküntülərinin xronostratiqrafiyasını işləmiş, ölkəmizin və Cənubi Qafqazın gec Kaynozoyunun radiometrik şkalasını işləmiş, Xəzər dənizinin Dördüncü Dövr transqressiyasının və reqressiyasının həmin dövrdəki buzlaşmalarla əlaqəsini müəyyən etmiş, Azərbaycanın paleolandşaftlarının və paleoiqliminin təkamül xüsusiyyətlərini aşkar etmişdir. Ə.Məmmədovun tədqiqatları regional geologiya, neft geologiyası, tektonika, stratiqrafiya, geomorfologiya, paleocoğrafiya və başqa elm sahələrini əhatə edir. Əsas tədqiqatları Azərbaycanın depressiya zonalarının geoloji quruluşunun, geoloji inkişaf tarixinin və neftlilik prespektivliyinin öyrənilməsinə həsr olunub. O, bir sıra yeni perspektivli strukturlar aşkar etmiş və neft yataqları axtarışı üçün çoxsaylı təkliflər vermişdir. Muradxanlı, Cəfərli, Şıxbağı, Zərdab, Tərsdəllər, Gürzündağ kimi neft yataqlarının kəşfi onun təkliflərinin nəticəsidir. Ə.Məmmədov Azərbaycan paleocoğrafiya məktəbinin yaradıcısı hesab edilir. O, 230-dan çox elmi əsərin, o cümlədən 12 monoqrafiya, 6 atlas və 10 xəritənin müəllifidir. 66 əsəri xarici ölkələrdə çap edilmişdir. Onun rəhbərliyi altında 3 elmlər doktoru və 8 fəlsəfə doktoru hazırlanmışdır. Ə.Məmmədov uzun illər keçmiş SSRİ EA-nın və Rusiyanın İdarələrarası Stratiqrafiya Komitəsinin Neogen və Dördüncü Dövr sistemləri üzrə komissiyalarının üzvü, Azərbaycanda neft və qaz geoloji kəşfiyyat işlərinin səmərəliliyinin artırılması üzrə mütəxəssislər şurasının üzvü, Azərbaycan Prezidenti yanında Ali Atesstasiya Komissiyasının Yer elmləri üzrə ekspert şurasının üzvü, AMEA Geologiya İnstitutunun müdafiə üzrə İxtisaslaşdırılmış şurasının həmsədri, AMEA Yer Elmləri Bölməsinin akademik-katibinin müavini, AMEA-nın “Xəbərlər” (Yer elmləri seriyası) jurnalının baş redaktorunun müavini, Azərbaycan geoloqları Milli komitəsinin büro üzvü, Azərbaycan İdarələrarası Stratiqrafiya Komitəsinin Neogen komissiyasının sədri və akademik H.Əliyev adına AMEA Coğrafiya İnstitutunun müdafiə üzrə İxtisaslaşdırılmış şurasının üzvü olmuşdur. Ə.Məmmədov Azərbaycan Dövlət Mükafatı və Hacı Zeynalabdin Tağıyev adına Milli mükafata layiq görülmüş, “Fədakar əməyə görə” medalı ilə təltif edilmişdir. Akademik Ələşrəf Məmmədov 2003-cü ildə Bakıda vəfat etmişdir. |
|
(1931-2003) |