Kərimov Mahmud Kərim oğlu 1948-ci il oktyabrın 18-də İrəvan şəhərində anadan olmuşdur. 1971-ci ildə ADU-nu bitirmişdir. Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru (1979), fizika-riyaziyyat üzrə elmlər doktoru (1989) elmi dərəcəsini, professor elmi adını (2000) almış, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
Sovet Ordusunda taqım komandiri vəzifəsində qulluq etdikdən sonra Fizika İnstitutuna mühəndis vəzifəsinə qəbul edilmiş, 1974-cü ildə kimyəvi-fizika qrupu ilə birlikdə Radiasiya Tədqiqatları Sektoruna keçirilərək elmi işçi, elmi katib, laboratoriya müdiri və direktor (1974-2001) vəzifələrində, 2001-2013-cü illərdə AMEA-nın prezidenti vəzifəsində çalışmışdır. Azərbaycan Milli Elm Fondunun prezidenti (2002-2013), Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru (2004-2013) olmuşdur. Gürcüstan MEA-nın və Qazaxıstan MEA-nın fəxri üzvü seçilmişdir. M.Kərimovun elmi tədqiqatlarının başlıca istiqaməti dielektriklər fizikası ilə bağlıdır. İlk dəfə olaraq polimer dielektriklərdə güclü elektrik sahəsinin təsiri ilə baş verən elementar elektron və molekulyar prosesləri tədqiq etmiş və materialların xassələrinin fiziki üsullarla idarə edilməsi, polimer dielektriklərin elektrik köhnəlməsi və dağılması mexanizmlərini aydınlaşdırmış, aşkar etdiyi elektrik sahəsi ilə stimullaşdırılan termolüminessensiya effekti polimerlərdə lokallaşmış yüklərin enerji səviyyələrinə görə paylanmasına elektrik sahəsinin təsirini müəyyən etməyə imkan vermiş və polimerlərdə molekulyar dinamikanın və lokallaşmış halların tədqiqində geniş yayılmışdır. M.Kərimov tərəfindən yaradılmış polimer dielektriklərdə güclü lokal elektrik sahə oblastlarının spin-zond diaqnostika üsulu polimer izolyatorların davamlılığının proqnozlaşdırılmasında, onlarda həcmi yüklərin formalaşması və toplanması proseslərinin tədqiqində, güclü elektrik sahəsinin təsiri altında baş verən elementar destruktivliyin mexanizmini aşkar etməyə, polimerlərin quruluşu və xassələrinin modifikasiyasında sərbəst radikalların rolunu müəyyən etməyə imkan vermişdir. İlk dəfə onun tərəfindən müəyyən edilmiş makroradikalların fotogenerasiyasındakı elektrik sahə effekti materialların fiziki-kimyəvi xassələrini xarici elektrik sahəsi ilə tənzim etməyə və polimer materiallarda fotoprosesləri idarə etməyə imkan yaratmışdır. Müxtəlif tip bərk maddələrə ionlaşdırıcı şüaların təsiri altında yarımkeçirici, polimer, dielektrik maddələrin fiziki və fiziki-kimyəvi xassələrində baş verən dəyişiklikləri, onların qanunauyğunluqlarını kompleks şəkildə tədqiq etmişdir. Onun kvazibirölçülü yarımkeçiricilərdəki yükdaşıyıcıların nəqlində aşkar etdiyi maqnit-spin effektləri molekulyar informasiya çeviriciləri və spintronika elementlərinin yaradılmasına imkan yaratmışdır. Elektron paramaqnit rezonansı metodunu fizika, kimya və biologiyanın müxtəlif məsələlərinin həllinə uğurla tətbiq etmiş və çoxsaylı müəlliflik şəhadətnamələri almışdır. Rəhbərliyi altında radiasiya təhlükəsizliyi, radioekologiya, bərk cisimlərdə radiasiya effektləri və radiasiya materialşünaslığı istiqamətlərində yeni fundamental elmi və texniki tədqiqat işləri təşkil edilmiş, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birgə mühüm layihələrin icrasını təmin etmişdir. 200-dən artıq elmi əsərin və ixtiranın müəllifidir. Rəhbərliyi altında 8 fəlsəfə doktoru və 2 elmlər doktoru hazırlanmışdır. "Şöhrət" ordeni ilə təltif edilmişdir. Akademik Mahmud Kərimov 2013-cü ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. |
|
(1948-2013) |