Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Budaqov Budaq Əbdüləli oğlu
B.Budaqov 1928-ci il fevralın 23-də Ermənistanın Zəngibasar (indiki Masis) rayo­nunun Çoban­kə­rə kəndində anadan olmuşdur. 1951-ci ildə Azər­baycan Pedaqoji İnstitutunu (indiki ADPU) bitirmişdir.

B.Budaqov 1955-ci ildə coğrafiya üzrə fəlsəfə dok­toru, 1967-ci ildə elmlər dok­to­ru elmi dərəcələrini, 1969-cu ildə isə pro­fes­sor elmi adını almış, 1976-cı ildə Azər­bay­can Elmlər Akademiyasının (AEA) müx­bir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.

B.Budaqov əmək fəaliyyətinə 1955-ci ildə AEA Coğrafiya İnstitu­tun­da kiçik elmi işçi vəzifəsindən başlamış, baş elmi işçi, Landşaftşünaslıq şöbəsinin müdiri, elmi işlər üzrə direktor müa­vini, 1988-ci ildən ömrünün sonunadək isə institutun direktoru vəzifəsində işləmişdir.

B.Budaqov Azərbaycanda və ölkəmizin sərhədlərindən kənarda ta­nınmış coğrafiyaçı alimdir. O, Azərbaycanın müasir coğrafiyasının geomor­fologiya, landşaftşünaslıq və toponimika elmi məktəblərinin banilərindən biridir. Elmi yaradıcılığı Azərbaycan ərazisinin geomorfologiyasının, land­şaftının, yeni tek­tonik hərəkətlərinin, toponimikasının, ekologiyasının, dağı­dıcı təbii proses­lə­rin tədqiqinə, ətraf mühitin qorunmasına, irimiqyaslı geo­morfoloji xəritələrin tərtibinə, məktəb coğrafiyasının inkişafına həsr olun­muşdur.

B.Budaqov 1000-dən çox əsərin, o cümlədən məqalə və monoqra­fi­yaların müəllifidir. O, Azərbaycan elm tarixində ilk dəfə olaraq «Türk ulus­larının yer yaddaşı», «Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti», «Gürcüstanda olan türk toponimlərinin izahlı lüğəti», «Avrasiyanın türk topo­nimləri» kimi mühüm elmi əhəmiyyətə malik kitablar çap etdir­mişdir.

B.Budaqovun «Cənub-şərqi Qafqazın geomorfologiyası və yeni tekto­ni­kası» adlı əsəri keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin N.M.Prjevalski adına Qızıl medalına layiq görülmüşdür.

B.Budaqovun rəhbərliyi ilə coğrafiya üzrə 50-yə qədər elmlər doktoru və fəlsəfə doktoru hazırlanmışdır.

B.Budaqov hazırkı MDB Dövlətlərarsı Coğrafiya Elminin Fundamen­tal Prob­lemləri Şurasının üzvü, Respublika Prezidenti yanında Ali Attes­tasiya Komis­siyası Rəyasət Heyətinin üzvü, Azərbaycan Milli Məclisi yanında Topo­nimika Komissiyasının sədri, Azərbaycan Coğrafiya Cəmiy­yətinin pre­zidenti, Respub­lika Ağsaqqallar Şurasının sədri olmuşdur. SSRİ-Hindistan, SSRİ-Bolqa­rıstan, SSRİ-Fransa elmi simpoziumlarının təşkilatçı­larından bi­ri və Azərbay­can üzrə elmi rəhbəri olmuş, bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq miqyaslı elmi konfranslarda iştirak və məruzələrlə çıxış etmişdir.

B.Budaqov Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif edil­miş, akademik Y.Məmmədəliyev, akademik H.Əliyev, şair Məmməd Araz, mesenat Hacı Zeynalabdin Tağıyev adına mükafatlara, Ümum­dünya Sülh Federasiyasının “Planetdə Sülh Naminə”, Dinlərarası və Millətlərarası Fede­rasiya tərəfindən «Dünya Səfiri» adına, Azərbaycan Respublikasının Əmək­dar elm xadimi fəxri  adına layiq görülmüşdür.

Akademik Budaq Budaqov 2012-ci ildə Bakıda vəfat etmişdir.

          (1928-2012)