Dalin Mark Aleksandroviç 1906-cı il martın 25-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunun Texnoloji fakültəsini bitirmişdir (1930).M.Dalin 1938-ci ildə texnika üzrə fəlsəfə doktoru və 1953-cü ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsini, 1959-cü ildə professor elmi adını almışdır. 1959-cu ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilmişdir.
1934-1960-cı illərdə SSRİ KSXK-nin nəzdində olan Azərbaycan SK zavodunda baş mühəndis, direktor müavini, direktor; 1960-1964-cü illərdə Az SSR EA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, eyni zamanda, p/q №2 müəssisəsində (sonradan Az.Döv.ET “Olefin” İnstitutu) elmi işlər üzrə direktor müavini; 1964-1987-ci illərdə aşağımolekullu olefinlərin alınması və emalı üzrə Ümumittifaq Elmi-tədqiqat Texnologiya (UİET Olefin) İnstitutunun və Təcrübə zavodunun direktoru, 1987-1996-cı illərdə UİET Olefin İnstitutunda məsləhətçi-baş elmi işçi işləmişdir. M.Dalinin rəhbərliyi altında benzolun və başqa aromatik karbohidrogenlərin alınması məqsədilə pirolizin maye məhsullarının emalı, olefinlərin oksidləşdirici ammonolizi, propilen oksidinin stirolla birgə alınması prosesinin fundamental nəzəri və texnoloji əsasları işlənmiş, səthi-aktiv maddələr, yağlar üçün aşqarlar və s. birləşləmələr üçün əsas xammal olan yüksəkmolekullu olefinlərin xətti və şaxələnmiş quruluşlarının proqressiv istehsal texnologiyalarının yaradılması üzrə böyük silsilə işlər aparılmışdır. M.Dalinin rəhbərliyi altında yağların keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıran alkilfenol aşqarlarının istehsalında istifadə olunan propilenin trimer və tetramerlərin böyük tonnajlı istehsal texnologiyasının tətbiqi həyata keçirilmişdir. Etilenin oliqomerləşməsi sahəsində aparılan fundamental tədqiqatlar aluminium üzvi katalizatorların iştirakı ilə etilenin birmərhələli yüksək temperaturlu oliqomerləşməsi üsulu ilə yüksəkmolekullu həddi α-olefinlərin alınması prosesini işləyib hazırlamağa imkan vermişdir. Onun rəhbərliyi ilə qısa müddətdə təcrübə qurğusu yaradılmışdır. Bu proses həmin qurğuda aprobasiya olunaraq, yüksək keyfiyyətli α-olefinlərin nümunələri alınmışdır. Onların əsasında isə sintetik yağların, səthi-aktiv maddələrin, plastifikatorların və digər neft-kimya məhsullarının alınmasının mümkünlüyü göstərilmişdir. M.Dalin 500-dən çox elmi əsərin, o cümlədən 140 müəlliflik şəhadətnaməsinin və 5 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 8 elmlər doktoru və 50 fəlsəfə doktoru hazırlanmışdır. Əməkdar elm xadimi fəxri adına, SSRİ Dövlət Mükafatına (2 dəfə) layiq görülmüşdür “Lenin ordeni”, “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” (2 dəfə) ordenləri, “Qafqazın müdafiəsi uğrunda”, “Şərəfli əməyə görə” (3 dəfə), “Əmək veteranı”, “Böyük Vətən Müharibəsindəki qələbənin 40 illiyi” medalları ilə təltif olunmuşdur. Akademik Mark Dalin 1996-cı ildə Moskvada vəfat etmişdir. |
|
(1906-1996)
|