Əfəndiyev Ayaz Adil oğlu 1938-ci il yanvarın 15-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunun Kimya-texnologiya fakültəsini bitirmiş (1959). Moskva şəhərində Fiziki Kimya İnstitutunun aspiranturasında təhsil almışdır (1960-1963). Kimya üzrə fəlsəfə doktoru (1965), elmlər doktoru (1982) elmi dərəcəsini, professor (1986) elmi adını almışdır.
A.Əfəndiyev AMEA-nın müxbir üzvü (2001), həqiqi üzvü seçilib (2007). A.Əfəndiyev 1965-ci ildən etibarən elmi fəaliyyətini M.Nağıyev adına Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda davam etdirmiş, kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri, 1971-ci ildən isə laboratoriya müdiri vəzifələrində çalışmışdır. M.Lomonosov adına Moskva Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir (1982). O, 1987-ci ildən Polimer Materialları İnstitutunun direktoru və Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun (indiki Kataliz və Qeyri-Üzvi Kimya) "Polimer sorbentlər və katalizatorları" laboratoriyasının müdiri işləmişdir. Kimya Elmləri Bölməsinin akademik-katibin (2001-2007), AMEA-nın akademik-katibi vəzifəsində çalışmışdır (2007). Akademik V.Karginin və akademik V.Kabanovun tələbəsi olmuş A.Əfəndiyev yüksəkmolekullu birləşmələr sahəsində tanınmış mütəxəssis idi. Onun tərəfindən polimer sorbentlər və katalizatorların alınmasının və xassələrinin tənzimlənməsinin yeni prinsipləri işlənib hazırlanmışdır. O, 220-dən çox elmi əsərin və ixtiranın müəllifidir. ABŞ-da, Almaniyada, İngiltərədə, İtaliyada, Yaponiyada və başqa aparıcı ölkələrin jurnallarında elmi məqalələri dərc olunmuşdur. A.Əfəndiyevin apardığı tədqiqatların nəticələrindən bir sıra dərsliklərdə, dərs vəsaitlərində, monoqrafiyalarda istifadə olunmuş və onlar Polimerlər Ensiklopediyasına daxil edilmişdir. A.Əfəndiyev Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü və Amerika Kimya Cəmiyyətinin üzvü olmuşdur. O, Ankara Orta Şərq Texniki Universitetinin xatirə medalı ilə təltif olunmuşdur. A.Əfəndiyev Yüksəkmolekullu birləşmələr kimyası üzrə Problem Şurasının sədri və Rusiya EA Yüksəkmolekullu birləşmələr Elmi Şurasının üzvü, "Azərbaycan Kimya Jurnalı"nın baş redaktorunun müavini, M.Nağıyev adına Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının sədr müavini olmuşdur. Onun adı ABŞ-da nəşr olunan "Dünyada kim kimdir" məlumat kitabına və İngiltərədə nəşr olunan beynəlxalq bioqrafik lüğətə daxil edilmişdir. 1994-cü ildə A.Əfəndiyevin rəhbərliyi altında bir qrup alim Beynəlxalq elm fondunun (Soros fondunun) qrantını almış və Piza Universiteti (İtaliya), Kral Texnologiya İnstitutu (Stokholm, İsveç), Bremen Universiteti (Almaniya), Üzvi Sintez İnstitutu və Ural Meşə Texniki Akademiyası (Yekaterinburq, Rusiya) alimləri ilə birlikdə Beynəlxalq İNTAS fondunun qrantı üzrə müştərək proqram üzərində işləmişdir. A.Əfəndiyevin rəhbərliyi altında 11 fəlsəfə və 1 doktorluq dissertasiyası hazırlanmışdır. "Şərəf Nişanı" və "Şöhrət" ordenləri ilə, AMEA-nın Fəxri fərmanları ilə təltif olunmuşdur. Əməkdar elm xadimi fəxri adı almışdır. Akademik Ayaz Əfəndiyev 2007-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1938-2007)
|