Rasim Səməd oğlu Əfəndiyev 30 oktyabr 1928-ci ildə Qazax şəhərində anadan olmuşdur. R.Əfəndiyev 1950-ci ildən Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almağa başlamış, 1955-ci ildə Sankt-Peterburqda Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsini bitirmiş, 1961-ci ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1993-cü ildə professor elmi adını almışdır. 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasına müxbir üzv, 2001-ci ildə isə həqiqi üzv seçilmişdir.
O, 1964-cü ilə qədər Azərbaycan Dövlət İncəsənət Muzeyində Azərbaycan və Şərq incəsənəti şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1965-ci ildən AMEA Memarlıq və İncəsənət İnstitutunda əmək fəaliyyətini davam etdirən R.Əfəndiyev İnstitutun direktoru vəzifəsinədək yüksəlmişdir. O, 1996-2010-cu illərdə institutun direktoru vəzifəsində çalışmışdır. Akademik R.Əfəndiyev 230 əsərin, o cümlədən 30 kitabın müəllifidir. O, «Azərbaycan maddi mədəniyyəti», «Azərbaycanın bədii sənətkarlığı dünya muzeylərində», «Azərbaycanın bəzək sənəti», «Azərbaycanın dekorativ-tətbiqi sənətləri», «Azərbaycan incəsənəti», «Azərbaycan incəsənəti dünya muzeylərində» və başqa monoqrafiyaları ilə Azərbaycan incəsənətinin tarixi inkişaf mənzərəsini yaratmış, dekorativ-tətbiqi sənətin praktiki olaraq bütün növlərini aşkarlayaraq elm aləminə tanıtmışdır. Akademik R.Əfədiyevin əsas tədqiqat istiqaməti qədim dövrdən başlayaraq XIX əsrin əvvəli də daxil olmaqla Azərbaycanın təsviri və dekorativ-tətbiqi sənətinin elmi problemlərinə həsr olunmuşdur. Alimin tədqiqatları nəticəsində aşkarlanmış xalça, bədii parça, bədii metal məmulatları və keramika kimi bədii yaradıcılıq abidələri sənətşünaslıq elminin tarixini zənginləşdirmişdir. Akademik R.Əfəndiyev bir sıra beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan sənətşünaslığını uğurla təmsil etmişdir. O, Bakı İncəsənət Mərkəzi, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Xalça Muzeyi və s. təşkilatların elmi və bədii şuralarının sədri, Azərbaycan Rəssamlar Birliyinin üzvü, Beynəlxalq kitab sərgisinin laureatı olmuş, 1992-ci ildən Beynəlxalq Şərq Rəssamlıq Akademiyasının akademik-katibi vəzifəsini icra etmişdir. Onun rəhbərliyi altında 16 gənc alim doktorluq və namizədlik dissertasiyası müdafiə etmişdir. Akademik R.Əfəndiyev keçmiş SSRİ Rəssamlar İttifaqının, Rusiya Rəssamlıq Akademiyasının, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin diplom və mükafatlarına, eləcə də «Soltan Məhəmməd» adına Beynəlxalq mükafata layiq görülmüş, Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir.Akademik Rasim Əfəndiyev 13 fevral 2010-cu ildə Bakıda vəfat etmişdir. |
|
(1928-2010) |