(1933-1990) |
Əliyev Sahib Müseyib oğlu 1933-cü il martın 15-də Gədəbəy rayonunda anadan olmuşdur.
S.Əliyev 1954-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirmiş, 1959-cu ildə texnika üzrə fəlsəfə doktoru, 1967-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcələrini, 1971-ci ildə professor elmi adını almışdır. S.Əliyev 1983-cü ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1989-ci ildə həqiqi üzvü seçilmişdir. S.Əliyev AEA Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri (1969) və Plastik kütlələr şöbəsinin müdiri (1970-1976) işləmişdir. S.Əliyevin əsas elmi istiqamətləri aromatik karbohidrogenlərin heterogen-katalitik və destruktiv alkilləşməsi, alkil- və tsikloalkilaromatik birləşmələrin dehidrogenləşməsi, alken və arilalkenlərin homogen və heterogen metal-kompleks katalizatorlar və sərbəst-radikal inisiatorları iştirakında oliqomerləşməsi, polimerləşməsi sahəsində apardığı fundamental tədqiqatlarla bağlıdır. Onun rəhbərliyi ilə kompleks yararlı fiziki-mexaniki xassələrlə xarakterizə olunan oliqomer və birgə oliqomerlərin alınması tətbiqini tapıb və yeni sinif polifunksional, kondensləşməyə və polimerləşməyə qabil monomerlərin, vinil- və paraizopropenilfenolların, onların allil-, qlisidil- mürəkkəb efirlərinin alınma üsulları işlənib hazırlanmışdır. Aparılmış fundamental tədqiqatlar əsasında tikinti sənayesində beton məhlullarına kimyəvi qatqı kimi istifadə edilən superplastifikatorların, suda həll olan oliqosulfonatların yerli xammal - neftin katalitik krekinq prosesində alınan yüngül qazoyl fraksiyası əsasında ekoloji baxımdan səmərəli texnologiya üzrə alınmasının elmi əsasları işlənib hazırlanmış və sənaye miqyasında istehsalının təşkili üçün lazımi tövsiyələr verilmişdir. S.Əliyev pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunun Kimya-texnologiya fakültəsində və Azərbaycan Politexnik İnstitutunun Tikinti materialları kafedrasında müəllim işləmiş, yüksək hazırlıqlı elmi və mühəndis kadrların yetişdirilməsində fəal iştirak etmişdir. S.Əliyevin elmi tədqiqatlarının nəticələri 504 elmi əsərdə, o cümlədən 1 monoqrafiya, 190 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. S.Əliyev 3 elmlər doktoru, 37 fəlsəfə doktoru hazırlamışdır. S.Əliyev SSRİ EA və Azərbaycan SSR EA Neft kimyası üzrə Koordinasiya Şurasının üzvü olmuşdur. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı və diplomu ilə təltif olunmuşdur. Akademik Sahib Əliyev 1990-cı ildə Bakıda vəfat etmişdir. |
|