Akademik Firudin Qasım oğlu Köçərli 1920-ci il 28 dekabr tarixində Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur.
F.Köçərli 1950-ci ildə Azərbaycan Dövlət Universitetini bitirərək, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olmuş, 1953-cü ildə fəlsəfə doktoru, 1966-cı ildə elmlər doktoru, 1968-ci ildə isə professor adını almışdır. F.Köçərli 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1976-cı ildə isə həqiqi üzvü seçilmişdir. F.Köçərli 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin Fəlsəfə kafedrasının dosenti vəzifəsində çalışmışdır. F.Köçərli 1958-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə Sektorunun rəhbəri olmuş, 1967-ci ildən 1985-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun direktoru vəzifəsində işləmişdir. Ömrünün sonunadək bu institutda fəaliyyət göstərmişdir. F.Köçərlinin elmi tədqiqat fəaliyyəti əsasən Azərbaycanda fəlsəfə və ictimai fikir tarixinin, dialektik və tarixi materializm, etika və estetika problemlərinin tədqiqi, Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin və mütəfəkkirlərinin həyat və fəaliyyəti, Azərbaycan ictimai fıkrində onların yeri və rolunun araşdırılması ilə bağlı olmuşdur. Xalqımızın fəlsəfə elminin dünya miqyasında tanınmasında F.Köçərlinin böyük fəaliyyəti olmuşdur. O, Çexoslovakiyada, Kanadada, Skandinaviya ölkələrində, digər xarici dövlətlərdə keçirilən Beynəlxalq simpoziumlarda Şərq fəlsəfəsi problemlərinə dair maraqlı məruzələrlə çıxış edərək, respublikamızı layiqli təmsil etmişdir. F.Köçərlinin tədqiqatları ayrı-ayrı kitab və monoqrafiyalarda çap olunmuş, Moskvada nəşr olunan “SSRİ-də fəlsəfə tarixi” kitabına daxil edilmişdir. F.Köçərli çoxillik elmi fəaliyyətində elmi kadrların hazırlanmasına daim diqqət yetirmişdir. Onun rəhbərliyi ilə hazırlanan filosof və hüquqşünaslar hazırda respublikanın və başqa dövlətlərin müvafiq elm və təhsil ocaqlarında, dövlət orqanlarında və başqa sahələrdə uğurla fəaliyyət göstərirlər. F.Köçərlinin elmi rəhbərliyi altında onlarla elmlər namizədi və elmlər doktoru yetişmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Firudin Köçərli 2004-cü ildə Bakıda vəfat etmişdir. |
|
(1920-2004)
|