Akademik Cəmil Bahadur oğlu Quliyev 1927-ci il dekabrın 16-da Ağdam şəhərində anadan olmuşdur. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olmuş, 1946-cı ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş, 1949-cu ildə həmin universiteti bitirdikdən sonra aspiranturada saxlanılmışdır.
C.Quliyev 1952-ci ildə fəlsəfə doktoru adını alaraq təyinatla Bakıya göndərilmişdir. 1952-ci ildən Azərbaycan Dövlət Universitetində müəllim, dosent, 1958-1972-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. 1971-ci ildə elmlər doktoru və professor adını almışdır. Həmin ildən Azərbaycan Elmlər Akademiyasında fəaliyyətə başlamışdır. 1972-1978-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, 1976-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, 1975-1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, 1989-1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur. 1976-1991-ci illərdə və 1997-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü olmuşdur. 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilmişdir. C.Quliyev ölkəmizdə tarix elminin inkişafına töhfələr verən alim kimi tanınır. O, Azərbaycanın müasir tarixi baxımından əhəmiyyət kəsb edən dövrlərin bir çox problemlərinin tədqiqi ilə bağlı kitab və monoqrafiyaların, 400-ə yaxın məqalənin müəllifi olmuşdur. Onun rəhbərliyi və yaxından iştirakı ilə on cilddən ibarət “Azərbaycan Sovet Ensiklopediyası”, iki cildlik “Uşaq Ensiklopediyası”, “Naxçıvan Ensiklopediyası” və yeddi cildlik “Azərbaycan tarixi” işıq üzü görmüşdür. C.Quliyevin ölkəmizdə ictimai elmlər sahəsində araşdırmalarının daha geniş miqyas alması, onların dövrün tələblərinə uyğun aparılması və Azərbaycan tarixinin yeni mənbələr əsasında öyrənilməsində xidmətləri danılmazdır. C.Quliyev beynəlxalq forumlarda Azərbaycan elmini dəfələrlə təmsil etmiş, bir sıra hökumət və ictimai təşkilatların rəhbər orqanlarının üzvü olmuşdur. Əməkdar elm xadimi və Dövlət Mükafatı laureatıdır. 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə “Şöhrət”, 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə “İstiqlal” ordenləri ilə təltif edilmişdir. Akademik Cəmil Quliyev 2010-cu ildə Bakı şəhərində vəfat etmişdir. |
|
(1927–2010)
|