(1912-1989) |
Quliyev Əli Musa oğlu 1912-ci il may ayının 31-də Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirmiş (1939), Dövlət imtahan komissiyasının qərarı ilə Üzvi kimya kafedrasında assistent vəzifəsində saxlanılmışdır.
Ə.Quliyev 1944-cü ildə kimya üzrə fəlsəfə doktoru və 1951-cı ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini və professor elmi adını almış, AEA-nın müxbir üzvü (1958), həqiqi üzvü seçilmişdir (1959). Ə.Quliyev 1937-ci ildə AzETNİ-də elmi fəaliyyətə başlamış, Yağlar və aşqarlar laboratoriyasının rəhbəri olmuşdur (1945-1965). 1965-1967-ci illərdə o, AEA Kimya Elmləri Bölməsinin akademik-katibi kimi fəaliyyət göstərmiş, 1965-ci ildə təşkil edilmiş, keçmiş SSRİ-də aşqarlar sahəsində yeganə ixtisaslaşmış institut – Aşqarlar Kimyası İnstitutunun yaradıcısı və 1987-ci ilə kimi fasiləsiz direktoru olmuşdur. 1992-ci ildə İnstituta onun adı verilmişdir. Ə.Quliyev üzvi kimya və neft kimyası sahəsində görkəmli alim, neft kimyasının yeni sahəsi, sürtkü yağları, yanacaqlar və xüsusi mayelərin istismar keyfiyyətini yaxşılaşdıran aşqarların və onların əsasında yüksək keyfiyyətli yağ, yanacaq və yağlayıcı-soyuducu maye kompozisiyalarının yaradılması və sənayedə tətbiqinin keçmiş SSRİ-də əsasını qoyanlardan biri olmuşdur. Onun rəhbərlik etdiyi illər ərzində institut aşqarlar kimyası sahəsində mühüm nailiyyətlər qazanmışdır: yüksək təsirli yeni aşqarlar və müxtəlif növ sürtkü yağları, o cümlədən xüsusi təyinatlı sürtkü yağları və xüsusi mayelər yaradılmış və tətbiq edilmişdir. Strateji əhəmiyyətli bu yağlar indi də respublikanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyətə malikdir. Ə.Quliyev 600-dən çox elmi əsərin, o cümlədən 200-ə yaxın ixtira və 10 monoqrafiyanın müəllifidir. «Химия и технология присадок к смазочным маслам и топливам» kitabı 1972-ci ildə Moskvada və genişlənmiş variantı 1985-ci ildə Sankt-Peterburq şəhərində nəşr olunmuş, 1972-ci il nəşri həmin illərdə macar və slovak dillərinə tərcümə edilmişdir. Ə.Quliyev aşqarlar kimyası sahəsində elmi məktəb yaratmışdır: onun rəhbərliyi altında 19 elmlər doktoru, 60-dan çox fəlsəfə doktoru hazırlanmışdır. SSRİ Elmlər Akademiyasının, SSRİ Nazirlər Soveti Dövlət Elm-Texnika Komitəsinin və SSRİ Neft-Kimya və Neft Emalı Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərmiş şuraların üzvü olmuşdur. Ə.Quliyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, «Qırmızı Əmək Bayrağı» (2 dəfə) və «Şərəf Nişanı» ordenləri, Böyük Vətən müharibəsi illərindəki fəaliyyətinə görə medallar və Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı (5 dəfə) ilə təltif olunmuş, Əməkdar elm xadimi fəxri adına, SSRİ (2dəfə) və Azərbaycan SSR Dövlət mükafatlarına layiq görülmüşdür. Akademik Əli Quliyev 1989-cu ildə Bakıda vəfat etmişdir. |
|