S.Quliyev 1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1930-cu ildə Neft və qaz quyularının qazılması ixtisası üzrə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirmişdir.
S.Quliyev 1939-cu ildə «Qazma boruları dəstəsinin tarazlığının dayanıqlı formaları barədə» mövzusunda dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru, 1948-ci ildə isə «Neft quyuları üçün çınqıllı filtrlər» mövzusunda dissertasiya işini müdafiə edərək texnika üzrə elmlər doktoru elmi dərəcələrini almışdır. 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1959-cu ildə isə həqiqi üzvü seçilmişdir. S.Quliyev 1928-1942-ci illərdə Azərneft İstehsalat Birliyinin qazma müəssisələrində texnik vəzifəsində əmək fəaliyyətinə başlayaraq, baş mühəndisə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1932-1960-cı illərdə Azərbaycan Neft Kimya İnstitutunun (indiki ADNA) Neft və qaz quyularının qazılması kafedrasında assistent, dosent, professor və ilk azərbaycanlı kafedra rəhbəri işləmişdir. S.Quliyev 1945-ci ildə AEA-nın yenidən yaradılmış Neft İnstitutunda elmi işlər üzrə direktor müavini təyin edilmiş, 1960-1971-ci illərdə AEA-nın Dərin Neft Qaz Yataqları Problemləri İnstitutunun direktoru olmuşdur. O, uzun müddət keçmiş İttifaqın Ali Attestasiya Komissiyasının dağ ekspert komissiyasının üzvü, eyni zamanda neft və qaz sənayesinin Azərbaycan elmi-texniki cəmiyyətinin fəxri üzvü olmuşdur. Rəhbərlərindən biri olduğu SSRİ Nazirlər Şurası nəzdindəki Dövlət Elm və Texnika Komitəsinin Yerin Təkinin Tədqiqatı və çox dərin Qazma Probleminə dair İdarələrarası Elmi Şuranın da fəaliyyətində mühüm rol oynamışdır. S.Quliyev neft və qaz quyularının qazılması sahəsində görkəmli alim, çox dərin qazma üsulunu ilk tətbiq edənlərdən biri, neft və qaz hasilatı sənayesi sahəsində Azərbaycan dilində elmi-texniki terminologiyanın yaradıcısıdır. 1936-cı ildə S.Quliyevin rəhbərliyi altında Qaraçuxurda ilk dəfə çoxpilləli turbinli balta ilə quyu qazıldı. S.Quliyevin elmi tədqiqatlarının sahələrinə isə qazıma rejimlərinin nəzəri əsaslarının işlənilməsi, quyuların bərkidilməsi, sürətli qazma texnologiyasının işlənilməsi, şaquli və maili quyuların rasional turbin qazmasının əsasları, dağ süxurlarının mərhələ-mərhələ dağıdılması daxildir. O, baltaya oxboyu yükü, qazma kəmərinin aşağı hissəsinin ağırlığı hesabına yox, ağırlaşdırılmış qazma boruları vasitəsilə ötürülməsi fikrini ilk dəfə həyata keçirən alimlərdən biri olmuşdur. S.Quliyev 200-dən artıq elmi məqalənin, o cümlədən 20 monoqrafiyanın və ali məktəb dərsliklərinin müəllifi olmuşdur. Onun 1947-ci ildə yazdığı “Neft quyularının qazılması” dərsliyi SSRİ Ali Təhsil Nazirliyi tərəfindən müvafiq təmayüllü ali məktəblərdə tədris olunmaq üçün tövsiyə edilmiş ilk dərsliklərdən idi. S.Quliyevin rəhbərliyi ilə bir neçə elmlər doktoru və 63 fəlsəfə doktoru hazırlanmışdır. S.Quliyev 46 fəlsəfə və elmlər doktorunun rəsmi opponenti olmuşdur. S.Quliyev Azərbaycanın Əməkdar elm xadimi, SSRİ-nin Fəxri neftçisi adlarına layiq görülmüş, «Qırmızı Əmək Bayrağı» ordeni və çoxsaylı medallarla mükafatlandırılmışdır. Akademik Səftər Quliyev 1973-cü ildə Bakıda vəfat etmişdir. |
|
(1908-1973) |