Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Quluzadə Məmmədpaşa Piri oğlu
M.Quluzadə 1914-cü il sentyabrın 5-də Bakıda  ana­­dan olmuşdur. 1927-ci ildə N.Nərimanov adı­na Sənaye Texnikumuna daxil olmuş, burada təhsilini başa vur­duq­dan sonra 1932-ci ildə Azərbaycan Sənaye İnstitutuna (in­diki Azərbaycan Döv­lət Neft və Sənaye Universiteti) daxil olmuş və 1938-ci ildə institutu dağ mühəndisi ixtisası üzrə fərq­lənmə diplo­mu ilə bitirmişdir.

M.Quluzadə 1946-cı ildə institutun əyani aspi­rantı olmuş, 1949-cu ildə texnika üzrə fəl­səfə doktoru, 1959-cu ildə texnika üzrə elmlər doktoru elmi dərə­cə­lərini al­mış, 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müx­bir üzvü, 1972-ci ildə isə həqiqi üzvü seçilmişdir.

M.Quluzadə 1938-1941-ci illərdə Əzizbəyovneft Neftqazçıxarma İdarəsində qaz­­ma üzrə texnik, qazma ustası, mühəndis, böyük mühəndis vəzifələrində ça­lış­­mışdır. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmiş, orden və medallarla təltif olunmuşdur. 1946-cı ildən başlaya­raq onun əmək fəaliyyəti Azərbaycan Sənaye İnstitutu ilə bağlı olmuşdur. 1951-1964-cü illərdə institutda assistent, dosent, profes­sor, Neft və qaz quyularının qazıl­ması kafedrasının müdiri, institutun elmi işlər üzrə prorektoru olmuş, sə­mə­rəli elmi və pedaqoji fəaliyyətini davam etdirmişdir. 1958-1964-cü illər­də Ümumittifaq “Neft və qaz” jurnalının məsul redaktoru olmuşdur.

M.Quluzadənin elmi tədqiqat işləri neft elminin və texnikasının inki­şafına, xüsu­sən də neft və qaz quyularının qazılma texnologiyasının nəzə­riyyə və təcrübəsinə həsr edilmişdir. Dərin biliyi, zəngin istehsalat təcrübəsi ona qazmanın mürəkkəb nəzəri və texnoloji problemlərini müvəffəqiyyətlə həll etməyə imkan vermişdir. Elmi fəaliyyətinin ilk illərindən başlayaraq çox vacib, lakin mühəndis nöqteyi-nəzərindən mürəkkəb istiqamət olan mai­li quyuların qazılması ilə məşğul olmuş­dur. O, maili quyuların qazılmasının elmi əsaslarının ardıcıllıq nəzəriyyəsinin yara­dıcısıdır. M.Quluzadə neft el­mi sahəsində şöhrətli bir məktəb yaratmışdır. Onun əldə etdiyi fundamental nəticələr həm quruda, həm də dənizdə neft və qaz yataqla­rının kəşfiyyatı və istismarında  həlledici rol oynamışdır. Onun rəhbərliyilə maili quyuların avtomatlaşdırılması, təkmilləşdirilməsi, profillərinin layihələşdirilməsi və s. sahələr üzrə elmi tədqiqat işləri yerinə yetirilmişdir. Bu işlə­rin nəticələri Azərbaycanda, Qərbi Sibirdə, Qazaxıstanda, Krımda, Baş­qırdıstanda, Saxalində və başqa neft-qaz rayonlarında tətbiq edilmişdir.

Xəzər dənizində maili quyuların qazılması işlərinin nəzəri və mühən­dislik əsasını M.Quluzadənin yerinə yetirdiyi elmi tədqiqat işləri təşkil edir. Bu üsulun geniş miq­yasda tətbiqinə görə  M.Quluzadə bir qrup alim və mü­tə­xəssislərlə birlikdə 1972-ci ildə Azərbaycan Respublikasının Dövlət Mü­ka­fatına layiq görülmüşdür. Elm və texnikanın inkişafı və yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətlərinə görə M.Qu­luzadə “Lenin” və “Qırmızı Əmək Bayrağı”, II dərəcəli Vətən müharibəsi ordenləri, bir çox SSRİ medalları və Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanları ilə təltif olunmuş­dur. O, bir neçə elm-texnika komitələrinin və komissiyalarının üz­vü, SSRİ Ali Təhsil Nazirliyinin neft təhsili üzrə elmi-texniki şurasının, AEA-nın Elm və torpaq elmi şura­sının doktorluq və namizədlik ixtisas­laş­dırılmış Elmi şurasının, Azərbaycan Ensiklo­pedi­yasının elmi şurasının üzvü  olmuşdur.

M.Quluzadə 400 elmi əsərin, o cümlədən 15 monoqrafiyanın, Azərbay­can dilin­də bəzi ilk fundamental dərsliklərin, 15 ixtira və kəşfin müəllifidir. Alimin rəhbər­liyilə 45 texnika üzrə fəlsəfə doktoru hazırlanmışdır. O, 10 elmlər dokto­ru­nun elmi məsləhətçisi olmuşdur.

Akademik Məmmədpaşa Quluzadə 1994-cü ildə Bakıda vəfat etmişdir.

(1914-1994)