Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Mirzəcanzadə Azad Xəlil oğlu
Azad Xəlil oğlu Mirzəcanzadə 1928-ci il sent­yabrın 29-da Bakı şəhərində anadan ol­muş­dur.

Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) dağ mühəndisi ixtisası üzrə bitirmiş­dir (1949). 1951-ci ildə fəlsəfə doktoru, 1957-ci ildə elm­lər doktoru elmi dərəcə­sini, 1959-cu ildə professor elmi adını almış, 1969-cu ildə AEA-nın həqiqi üzvü seçilmişdir.

A.Mirzəcanzadə ADU Nəzəri mexanika kafedrasında dosent, professor (1952-1960), ASİ-də kafedra müdiri (1962-1977), SSRİ EA Mexanika Problemləri İnsti­tutunda şöbə müdiri (1969-1975), Ufa Neft İnstitutunda kafedra müdiri (1988-1990), 1992-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, 1993-2003-cü illərdə Elm və Texnika Komi­tə­sinin sədri olmuş, Azərbaycan Patent Agentliyinin əsa­sını qoymuşdur.

İlk dəfə olaraq, qazkondensat və qeyri Nyuton neftli yataqların nəzəri əsas­larını yaratmış, qazkondensat sistemlərin süzülməsi üçün əsas differen­sial tənlik çıxarmışdır. O, qeyri Nyuton sistemlərin neftqazçıxarma sənaye­sində tət­biqi və «reotexnologiya» kimi istiqamətlərin yaradıcısıdır. İlk dəfə olaraq gös­tərmişdir ki, qaz və qazkondensat yataqların işlənməsində başlan­ğıç hərə­kət üçün lazım olan təzyiqlər fərqi çox zəruri parametrdir və bu fun­damental nəticə lay ehtiyyatlarının hesablanmasında geniş istifadə olunur. Bir çox neft­lərdə özlü-elastiklik xüsusiyyətlərinin olmasını göstərərək belə neftlərin çıxa­rılma­sının nəzəri və praktiki əsaslarını yaratmışdır. Özlü-plastik mayelə­rin süzül­məsinin fenomenoloji nəzəriyyəsini işləyib hazırlamış, belə neftlərin çıxarıl­ma­sı və nəqli ilə əlaqədar bir çox məsələləri həll etmişdir. İlk dəfə olaraq çətin şə­raitdə quyuların keçirilməsində hidrodinamik əsaslar işlə­yib hazırla­mışdır. Tədqiqatları nəticəsində, quyuların qazılmasında mürək­kəbləşmələrin qabaq­ca­dan xəbər verilməsi kimi praktiki təkliflərin, fiziki-kim­yəvi mexanika­nın, ri­ya­zi modelləşdirmənin, bir çox riyazi statistik metodların, oyunlar nəzə­riyyə­sinin və qərar qəbuletmənin, avtomatik idarə və öz-özünə yaranma və s. kimi bir çox nəzəriyyələrin neftqazçıxarma səna­yesində tətbiqi­nin təşəbbüs­karı ol­muşdur. Son tədqiqatlarının əsas elmi isti­qa­mətləri neft-qaz yataqlarının siner­getik və dinamik analizinə həsr edilmiş­dir. Bu istiqamət üzrə “Layların neft­ver­mə proseslərinin diakoptikası”, “Neft-­qaz çıxarmada dinamik proseslər”, “Dəniz neft-qaz yataqlarının işlənməsinin fraqmentləri”, “Qaz çıxar­manın tex­nika və texnologiyası” və başqa kitab və monoqrafiyaları çap olun­muşdur.

A.Mirzəcanzadə 500-ə yaxın elmi məqalə və 50-dən çox ixtiranın mü­əl­lifidir. Rəhbəliyi altında 250-dən çox fəlsəfə doktoru və 100-dən çox elm­lər doktoru hazırlanmışdır.

Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA), Başqırdıstan Elmlər Akade­miyasının həqiqi üzvü seçilmişdir.

İki dəfə Azərbaycan Dövlət Mükafatı (1976, 1986), üç dəfə isə akade­mik İ.M.Qubkin adına mükafatın laureatıdır (1975, 1982, 1985). P.Kapitsa adına medal, Vyetnam Respublikasının “Vyetnamın Qəhramanı” qızıl uldu­zu, Azər­bay­­can Respublikasının “İstiqlal” ordeni ilə təltif olunmuşdur.

Akademik Azad Mirzəcanzadə 2006-cı ildə Bakıda vəfat etmişdir. 

(1928-2006)