Orucova İzzət Mirzəağa qızı 1909-cu il sentyabrın 16-da Bakıda anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Mühəndis-texnologiya fakültəsini bitirmişdir (1930).
İ.Orucova texnika üzrə fəlsəfə doktoru (1947), elmlər doktoru (1962) elmi dərəcəsini və professor elmi adını almışdır. Azərbaycan SSR EA-nın müxbir üzvü (1967), həqiqi üzvü (1972) seçilmişdir. İ.Orucova 1932-ci ildən 1959-cu ilə kimi AzETNİ-də, sonralar onun əsasında yaradılmış AEA Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) çalışmışdır. O, AEA Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1968-1971) vəzifələrində işləmişdir. İ.Orucova neft kimyası sahəsində görkəmli alimlərdən, keçmiş Sovetlər İttifaqında aşqarlar sahəsində yeganə ixtisaslaşmış institut – Aşqarlar Kimyası İnstitutunun ilk yaradıcılarından biri olmuşdur. İ.Orucovanın fəaliyyəti əsasən aşqarlar kimyasının inkişafına və daha mükəmməl sürtkü materiallarının yaradılmasına yönəlmişdi. Bakı neftindən alınan yağların tədqiqi, emalı prosesi üçün verdiyi texnologiyalar, həmçinin müxtəlif mənşəli neftdən alınan yağlarda aşqarların tədqiqi, aşqarların fasiləsiz alınma texnologiyalarının işlənməsi və aşqar kompozisiyalarının yaradılması onun elmi fəaliyyətinin əsas istiqamətləri olmuşdur. O, ölkəmizdə yaradılan bir sıra ilk aşqarların və onların əsasında alınan motor yağlarının müəlliflərindəndir. Aşqarlar Kimyası İnstitutu ilə SSRİ-nin Moskva, Leninqrad, Tolyatti, Perm, Tambov şəhərlərindəki aparıcı elmi mərkəzləri arasında elmi-texniki əlaqələrin yaradılmasında onun böyük xidmətləri olmuşdur. 300-ə yaxın elmi əsərin, Azərbaycan dilində orijinal “Neft-kimya” və “Sürtkü yağları” dərsliklərinin, 30-dan çox müəlliflik şəhadətnaməsinin müəllifidir. İ.Orucova Azərbaycan EA-nın neft-kimya və neft emalı üzrə şurasının və Azərbaycan Neft Akademiyasının doktorluq elmi dərəcəsi verən ixtisaslaşdırılmış elmi şurasının üzvü olmuşdur. İ.Orucova, eyni zamanda, tanınmış ictimai xadim, Azərbaycan SSR və ADR Dostluq və Mədəniyyət cəmiyyətinin sədri olmuş, Bakı Şəhər Sovetinə deputat, Respublika Qadınlar Şurasına sədr seçilmişdir. O, kinoda baş rola çəkilmiş ilk azərbaycanlı qadın idi. Onun iştirakı ilə C.Cabbarlının «Sevil» və «Almaz» əsərlərinə iki film çəkilmişdir. İ.Orucovanın xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, «Lenin», «Qırmızı Əmək Bayrağı» və «Şərəf Nişanı» ordenləri, «Qafqazın müdafiəsinə görə», «1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə» medalları ilə təltif olunmuş, Əməkdar elm və texnika xadimi fəxri adına və Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. Akademik İzzət Orucova 1983-cü ildə Bakıda vəfat etmişdir. |
|
(1909-1983) |