Şahtaxtınski Məhəmmədəmin Həbibulla oğlu 1932-ci il iyulun 10-da Bakı şəhərində anadan olmuşdur. 1956-cı ildə Moskva Energetika İnstitutunu bitirmişdir.
1960-cı ildə fizika üzrə fəlsəfə doktoru, 1968-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1971-ci ildə isə professor elmi adını almış, 1981-ci ildə AEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir. Akademik M.H.Şaxtaxtınskinin bütün əmək fəaliyyəti AMEA Fizika İnstitutu ilə bağlı olmuş, 1961-ci ildə kiçik elmi işçi, 1968-ci ildə böyük elmi işçi, 1968-ci ildə laboratoriya müdiri, 1987-ci ildə isə şöbə müdiri vəzifələrində çalışmışdır. AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Büro üzvü, Azərbaycan Fizika Cəmiyyətinin prezidenti, Avroasiya Fizika cəmiyyətinin vitse-prezidenti olmuşdur. M.Şaxtaxtınskinin elmi tədqiqatları fizikanın müxtəlif sahələrini əhatə etmişdir. O, yarımkeçiricilər, dielektriklər və metal sistemləri kimi mühüm kompozitlərin mexaniki, istilik, elekrik, elektro- və termolüminessensiya xassələri, sərhəd polyarizasiya prosesləri, elektron-ion və relaksasiya proseslərini kompleks tədqiq etmiş, yeni elmi istiqamətin - kompozisiyalı quruluşlar fizikasının əsasını qoymuşdur. Rəhbərliyi altında polimer-pyezoelektrik və polimer-yarımkeçirici kimi nizamsız sistemlərdə piro-, pyezoelektrik, elektret, varistor, pozistor, pyezorezistiv, fotoelektrik, fotovoltaik, elektro-fotoxrom və s. effektlərin formalaşması mexanizmləri tədqiq edilmiş, polimer pyezo-elektrik kompozitlərdə effektiv elektret yükü və elektret potensiallar fərqinin temperatur və elektrik sahəsinin gərginliyindən asılı olaraq dəyişməsinin mexanizmləri verilmişdir. Kompozit pozistor və varistor materialların alınma metod və texnologiyaları işlənilmiş, kompozit polimer elementlər əsasında elektroakustik çeviricilər, akustik elektronika cihazları, hidro-akustik qəbuledici-verici antennalar, opto-akustik çeviricilər, Korotkov ton çeviriciləri, vibro- və seysmoçeviricilər, statik və dinamik təzyiq çeviriciləri işlənib hazırlanmışdır. M.Şaxtaxtınski 250-dən artıq elmi məqalənin, 60 ixtiranın müəllifidir. Rəhbərliyi altında 2 elmlər doktoru və 12 fəlsəfə doktoru yetişdirilmişdir. M.Şaxtaxtınski Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Akademik Məmmədəmin Şahtaxtinski 2011-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1932-2011) |