Həbibulla Baxşəli oğlu Şahtaxtınski 1900-cü il sentyabrın 3-də Naxçıvan mahalının Şahtaxtı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsini (1926), Azərbaycan Dövlət Neft Akademiyasının Kimya-texnologiya fakültəsini (1930) bitirmişdir.
H.Şahtaxtınski 1940-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1949-cu ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1950-ci ildə isə professor elmı adını almışdır. 1967-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilmişdir. 1937-1959-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri, 1959-cu ildən ömrünün sonuna qədər Azərbaycan SSR EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda (indiki Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu) laboratoriya müdiri işləmişdir. H.Şahtaxtınskinin elmi fəaliyyəti analitik kimya və qeyri-üzvi maddələrin texnologiyası sahələrini əhatə edir. Alim bir sıra kimyəvi elementlərin analizi üçün arsenat-yodometriya üsulu işləyib hazırlamışdır. Bu isə analitik kimya elmində yeni bir səhifənin açılmasına səbəb olmuşdur. Respublika ərazisində zəngin yataqları olan mineral xammalın kompleks emalı zamanı qiymətli nadir və səpələnmiş elementlərin (qallium, vanadium və s.) səmtli çıxarılma texnologiyasını hazırlamış və praktiki tətbiq üçün tövsiyə etmişdir. H.Şahtaxtınskinin bilavasitə rəhbərliyi ilə metallurgiya sobalarından atmosferə buraxılan tullantı qazlarından qazvari reduksiyaedicilərlə sərbəst kükürdün alınma texnologiyası işlənib hazırlanmış və yarımsənaye qurğusunda sınaqdan keçirilmişdir. H.Şahtaxtınskinin əldə etdiyi elmi və praktiki nəticələr onun «Miqdari kimyəvi analiz», «Maqnezium və kalsiumun arsenat metodu ilə təyini», «Alunitin kompleks emalından qalliumun alınması», «Zəylik yatağı süxurlarından alüminium duzlarının alınması» və bir çox başqa əsərlərində öz əksini tapmışdır. O, 380 elmi əsərin, 7 monoqrafiya və dərsliyin müəllifidir. H.Şahtaxtınskinin rəhbərliyi ilə 3 elmlər doktoru, 35 fəlsəfə doktoru yetişdirilmişdir. H.Şahtaxtınski Əməkdar elm xadimi adına layiq görümüş, “Oktyabr İnqilabı” ordeni və medallarla təltif olunmuşdur. Akademik Həbibulla Şahtaxtinski 1986-cı ildə Bakıda vəfat etmişdir. |
|
(1900-1986)
|