Zeynalov Bahadur Qasım oğlu 1917-ci il mayın 20-də Füzuli rayonunda anadan olmuşdur. B.Zeynalov Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmiş (1938) və SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının Kimya İnstitutunun aspiranturasına daxil olmuşdur (1939). Ordu sıralarına çağırılması ilə əlaqədar aspiranturada təhsilini dayandırmış və Böyük Vətən müharibəsində iştirak etmişdir. 1946-cı ilə qədər orduda qulluq edərək sıravi əsgərdən qvardiya polkovniki rütbəsinə qədər yüksəlmişdir. 1946-cı ildə aspiranturaya bərpa olunmuşdur.
B.Zeynalov 1949-cu ildə kimya üzrə fəlsəfə doktoru, 1962-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini və professor elmi adını almışdır. 1976-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir. B.Zeynalov 1990-cı ildə Akademiyanın Kimya Elmləri Bölməsinin akademik-katibinin müavini və Beynəlxalq Yaradıcılıq Akademiyasının həqiqi üzvü seçilmişdir. B.Zeynalov 1946-1953-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Kimya İnstitutunda aspirant, kiçik elmi işçi, baş elmi işçi və 1953-1957-ci illərdə Neft karbohidrogenlərinin maye fazada oksidləşməsi laboratoriyasının müdiri olub. B.Zeynalov 1959-cu ildə Azərbaycan SSR EA-nın Neft-Kimya Prosesləri İnstitutunun Plastifikatorların kimyası və texnologiyası laboratoriyasına rəhbərlik etmiş və 1986-cı ildə NKPİ-nin Əsas üzvi sintez şöbəsinin müdiri təyin edilmişdir. B.Zeynalov elmi fəaliyyəti ilə yanaşı müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur (1963-1971). Onun rəhbərliyi altında maye fazada karbohidrogenlərin oksidləşməsi və efirlərin alınması sahəsində geniş elmi tədqiqat işləri aparılmış, neft fraksiyalarının oksidləşməsi zamanı oksigenli üzvi birləşmələrin alınmasının elmi əsasları verilmiş, yağ, naften, naften-aromatik, oksiturşularının alınma texnologiyası işlənib hazırlanmış, başqa qiymətli məhsullar alınmış və xalq təsərrüfatının müxtəlif sahələrində tətbiq edilmişdir. B.Zeynalovun elmi tədqiqatlarının nəticələri 500 elmi əsərdə, o cümlədən 8 kitab və monoqrafiyada, 100-dən çox müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. Əsərlərinin çox hissəsi xaricdə çap olunmuşdur. B.Zeynalovun elmi rəhbərliyi altında 4 elmlər doktoru və 40 kimya üzrə fəlsəfə doktoru yetişdirilmişdir. “Qırmızı Ulduz”, “Qırmızı Bayraq”, “Aleksandr Nevski”, iki dəfə I və II dərəcəli “Böyük Vətən müharibəsi iştirakçısı”, “Şərəf“ ordenlərinə, “Varşavanın azad edilməsi”, “Berlinin alınması”, “1941-1945-ci illərdə Almaniya üzərində qələbə”, “Almaniya üzərində qələbənin 20 və 25 illiyi”, “SSRİ Silahlı Qüvvələrinin 50 illiyi”, “Əmək veteranı” və s. medallarıa layiq görülmüş, Bakı Soveti Müharibə Veteranları Komitəsinin, Azərbaycan SSR Ali Sovetinin, “Bilik” Cəmiyyətinin və s. Fəxri fərmanları ilə təltif edilmişdir. Əməkdar elm xadimi adını almışdır. Akademik Bahadur Zeynalov 1995-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1917-1995) |