Böyükkişi Ağayev 1928-ci ildə Azərbaycanın Sabirabad rayonunda anadan olmuşdur. 1944-cü ildə orta məktəbi fərqlənmə diplomu ilə bitirən alim hələ uşaq yaşlarından tibb elminə böyük maraq göstərmişdir. Azərbaycan Tibb İnstitutunun (hazırkı Azərbaycan Tibb Universiteti) Müalicə fakültəsinə daxil olmuş, tələbəlik illərində gecələr təcili cərrahlıq xidməti üzrə çalışmışdır.
1949-cu ildə institutu başa vuran B.Ağayev Səhiyyə Nazirliyinin sərəncamı ilə Sabirabad rayon xəstəxanasına cərrah-həkim təyin edilmişdir. O, 1954-cü ildə müsabiqə yolu ilə 2-ci Moskva Tibb İnstitutunun cərrahiyə üzrə klinik aspiranturasına qəbul olmuş, 1958-ci ildə Həştərxan Tibb İnstitutunun cərrahiyə kafedrasında assisent vəzifəsinə təyin olunmuşdur. Alim “Süni qış yuxusu-hibernasiyanın əməliyyat və travmatik şokun profilaktikasında və müalicəsində tətbiqi” mövzusunda namizədlik, “Xərçəng şişinin inkişaf mərhələsindən asılı olaraq böyrəküstü vəzin funksional vəziyyəti və cərrahi müalicəsində nəzərə alınmasının əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1967-ci ildə professor elmi adına layiq görülmüşdür. 1980-ci ildə tibb üzrə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. B.Ağayev elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, 1959-60-cı illərdə Azərbaycan Tibb İnstitutunun 5-ci kurs tələbələrinə hərbi-tibb cərrahlığı üzrə mühazirələr oxumuşdur. 1960-cı ildə B.Ağayev Azərbaycan Elmi Tədqiqat Onkoloji Institutunda baş elmi isçi vəzifəsinə təyin olunmuş, onkoloji xəstəliklərin inkişafı zamanı su-duz və hormonal mübadilədə baş verən dəyişikliklərin öyrənilməsi və müalicə üsullarının təkmilləşdirilməsi sahəsində tədqiqatlar aparmışdır. Alim Tibb Institutunun tələbələri üçün cərrahlıq fənnindən dərsliklərin yazılmasında da müstəsna xidmətlər göstərmişdir. Ana dilindəki dərsliklərin çatışmazlığını nəzərə alaraq o, 1980-ci ildə Azərbaycan dilində "Klinik cərrahiyədən mühazirələr" dərsliyinin birinci hissəsini, 1982-ci ildə ikinci hissəsini yazıb çap etdirmişdir. 1989-cu ildə isə "Cərrahi xəstəliklər" dərsliyinin 1-2-ci hissələrini nəşrə hazırlamışdır. B.Ağayev 400-dən çox elmi və publisistik əsərin, o cümlədən 9 ixtira və 25-dən çox səmərələşdirici təkliflərin müəllifi idi. Onun elmi əsərlərinin 200-ə yaxın xaricdə çap olunmuşdur. Görkəmli alimin rəhbərliyi ilə tibb üzrə 62 fəlsəfə doktoru, 11 elmlər doktoru müdafiə etmişdir. Akademik B.Ağayev 1973-cü ildən Azərbaycan Tibb Universitetinin 2-ci cərrahi xəstəliklər kafedrasına rəhbərlik etmişdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini mədə qanaxmalarının müalicəsində iynəsiz inyektorun tətbiqi, qaraciyər, öd yolları və mədəaltı vəzin ağır xəstəliklərinin cərrahi müalicəsində intero corporal lazer aşağı tezlikli maqnit metodu, böyük həcmli cərrahi əməliyyatlarda orqanizmin daxili sabitliyinin saxlanılmasında su-duz mübadilsənin, böyrəküstü vəzinin funksiyasının tənzimlənməsinin rolu və s. təşkil etmişdir. B.Ağayev tibb üzrə bir sıra cəmiyyətlərin və elmi şuraların üzvü idi. Elmi-pedaqoji fəaliyyəti, tibb sahəsində göstərdiyi müstəsna xidmətlər nəzərə alınaraq o, 1998-ci ildə “Şərəf” ordeni ilə təltif olunmuşdur. Həmçinin, Akademik M.A.Qasımov adına mükafata, Akademik M.A.Topçubaşov adına mükafata və Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına layiq görülmüşdür. B.Ağayev 4 aprel 2018-ci ildə vəfat etmişdir. |
|
(1928-2018) |