Arif İsmayılzadə 1937-ci il avqustun 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Sənaye İnstitutunun Geoloji-kəşfiyyat fakültəsini (indiki Azərbaycan Dövlət Neft Akademiyası) mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. 1968-ci ildə geologiya-mineralogiya elmləri namizədi, 1990-cı ildə elmlər doktoru alimlik dərəcələrini almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. Alim 1959-cu ildən Geologiya İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1996-cı ildən Ali Attestasiya Komissiyasının Yer elmləri şöbəsinin eksperti olmuşdur. 2005-ci ildə AMEA Geologiya İnstitutunun Petrologiya və metallogeniya seksiyasının rəhbəri təyin edilmişdir. 2007-2013-cü illərdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, 1995-ci ildən Azərbaycan Geoloqları Milli Komitəsinin icraçı-katibi olmuşdur. A.İsmayılzadə 2001-ci ildən AMEA-nın “Xəbərlər” (Yer elmləri seriyası) və “AMEA Geologiya İnstitutunun Əsərləri” jurnallarının redaksiya heyətinin üzvü olmuşdur. O, 2002-ci ildən Bakı Dövlət Universitetinin Geologiya fakültəsində Faydalı qazıntılar kafedrasında magistrlərə seçmə fənnləri tədris etmişdir. Akademikin elmi maraq dairəsi yer qabığı hissəciklərinin struktur və faza vəziyyətinin, yuxarı mantiyanın və proseslərin modelləşdirilməsi, litosfer plitələrinin destruktiv sərhədlərindəki müxtəlif geodinamiki rejimlərdə inkişaf edən yer qabığı-mantiya problemlərinə həsr edilmişdir. Geoloq alimin tədqiqatlarının nəticələri 5 monoqrafiya, o cümlədən 170-dən artıq elmi əsərdə öz əksini tapmışdır. Onların sırasında “Azərbaycan geologiyası” səkkiz cildli fundamental əsərin “Maqmatizm”, “Tektonika”, “Faydalı qazıntılar” cildləri, “Talışın geologiyası və vulkanizmi”, “Paleogen təkamülü və Cənubi Xəzər hövzəsinin çökmə kompleksləri”, “Qabbro-hiperbazitlər və Kiçik Qafqaz ofiolitlərinin problemləri” kitabları xüsusi qeyd olunmalıdır. O, Azərbaycan elmini dəfələrlə dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konqres, simpozium, konfrans və yığıncaqlarda ləyaqətlə təmsil etmişdir. A.İsmayılzadənin fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmiş və o, Azərbaycan Respublikasının Əməkdar geoloqu, Əməkdar elm xadimi fəxri adlarına, “Şöhrət” ordeninə layiq görülmüşdür. Akademik Arif İsmayılzadə 2020-ci il aprelin 9-da 82 yaşında vəfat edib. |
|
(1937-2020) |