Kərim Əli oğlu Kərimov 14 noyabr 1917-ci ildə Bakı şəhərində mühəndis-texnoloq ailəsində anadan olmuşdur. K.Kərimov Sosialist Əməyi Qəhrəmanı, Stalin, Lenin və Dövlət mükafatı laureatı, istefada olan general-leytenantdır. 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra K.Kərimov Artilleriya Akademiyasında öz təhsilini davam etdirərək gələcək həyat yolunu kosmik-raket sistemlərinin yaradılması ilə bağladı. 1946-cı ildən K.Ə.Kərimov ballistik raketlərin radio-ölçü sistemlərinin yaradılması istiqamətində işlər aparıb. Elmi-texniki araşdırmalar nəticəsində raketlərin daxili parametrlərinə nəzarət edən "Don" radio-ölçü sistemi yaradılıb və kosmik raketlərdə tətbiq olunub. K.Ə.Kərimova həmin sistemin yaradıcısı kimi 1950-ci ildə Stalin mükafatı verildi. Ötən əsrin 50-ci illərində kosmosa uçuşların intensivləşməsində və süni peyklərin yaradılmasında K.Ə.Kərimov bir alim və mütəxəssis kimi ön sırada olub. K.Ə.Kərimov yüksək səviyyəli mütəxəssis kimi qiymətləndirilərək "Molniya-1" - rabitə, "Meteor" - meteroloji və Yerin məsafədən zondlama süni peyklərin uçuşu üzrə Dövlət komissiyasının sədri vəzifəsinə təyin olunub və 1961-ci ildə insanın (Y.A.Qaqarin) kosmosa ilk dəfə uçuşu ilə əlaqədar "Lenin" ordeni ilə təltif edilib, Yerin məsafədən zondlama sistemlərinin və istiqamətləndirilmiş süni peykin yaradılmasına görə Lenin mükafatına layiq görülüb. K.Ə.Kərimovun görkəmli alim və mütəxəssis kimi tanındığını və hərtərəfli biliklərə malik olduğunu nəzərə alaraq 1966-cı ildə o, kosmik uçuşlar üzrə Dövlət komissiyasının sədri vəzifəsinə təyin olundu. Bu komissiyanın tərkibinə görkəmli alim və akademiklər - V.P.Mişin, V.P.Qluşko, Y.P.Semyonov və digər yüksək səviyyəli mütəxəssislər daxil idi. Unikal bilik və kosmik sistemləri hərtərəfli mənimsəməsi K.Ə.Kərimova imkan verdi ki, 25 il müddətində həmin komissiyanı fasiləsiz idarə etsin və hər dəfə kosmik uçuşlara, o cümlədən Aya, Veneraya və başqa planetlərə kosmik raketlərin göndərilməsi haqda sonuncu qərarı qəbul etsin. K.Ə.Kərimov 1979-cu ildə beynəlxalq uçuşların təşkilinə görə Dövlət mükafatı adına layiq görüldü. 1987-ci ildə kosmik fəzanın fəth olunmasındakı nailiyyətlərinə görə ikinci "Lenin" ordeni ilə təltif edildi və Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. Kosmonavtikanın inkişafında böyük rolunu və Azərbaycan Respublikası qarşısında nailiyyətlərini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti möhtərəm H.Ə.Əliyev öz fərmanı ilə K.Ə.Kərimovu Azərbaycan Respublikasının "Şərəf" Ordeni ilə təltif etmişdir. Kərim Kərimov "Kosmosa yol" avtobioqrafik kitabın müəllifidir. Azərbaycanda kosmik elm və texnologiyanın inkişafında misilsiz əməyi nəzərə alınaraq K.Ə.Kərimov Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri üzvü seçmişdir. Kərim Kərimov 29 mart 2003-cü ildə vəfat etmişdir. |
|